SOCAR və “Uzbekneftegaz” Üstyurt layihəsi üzrə razılığa gəldi

Tarix: 13:46 04.07.2025
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə əhəmiyyətli razılaşmalar əldə olunub.
Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə keçirilən görüşdə aparılıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb. Söhbət zamanı SOCAR ilə “Uzbekneftegaz” arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi qeyd edilib.
Məsələ ilə bağlı iqtisadçı Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, SOCAR-ın transformasiya mərhələsindəki əsas strateji istiqamətlərdən biri onun beynəlxalq enerji bazarlarına çıxışını təmin etməkdən ibarətdir:
“2016-cı ilin may ayında SOCAR və “Uzbekneftegaz” arasında neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb. Ardınca, 2017-ci ilin may ayında “Uzbekneftegaz”, BP və SOCAR arasında Özbəkistanın investisiya bloklarında birgə geoloji-kəşfiyyat işlərinin aparılması və yataqların birgə işlənməsinə dair iki memorandum imzalanıb.
Təbii ki, SOCAR-ın bu addımı onun fəaliyyətinin milli sərhədlərlə məhdudlaşmadığını, beynəlxalq layihələrdə fəal iştirak etməklə şirkətin gəlir mənbələrini şaxələndirib beynəlxalq səviyyədə fəaliyyətini genişləndirməyə hesablandığını göstərir.
Bu xüsusda, SOCAR və “Uzbekneftegaz” arasında Özbəkistanın Üstyurt neft-qaz rayonunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair razılaşmalar SOCAR-ın Mərkəzi Asiyanın enerji bazarlarında iştirakını təmin edəcək. Bu əməkdaşlıq həm də regional iqtisadi fəallığın inkişafına səbəb olacaq.
Bu mənada statistik göstəricilər son üç ildə ölkəmizin ən yüksək ticarət dövriyyəsi artımının Mərkəzi Asiya ölkələri ilə olduğunu təsdiqləyir.
Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Xəzər–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Orta Dəhlizin bir hissəsidir və bu dəhliz vasitəsilə təkcə mallar deyil, həm də enerji resursları və texnologiyalar tədarük edilə bilər. Bu baxımdan Mərkəzi Asiya ölkələrindən yaşıl enerji resurslarının Avropaya ixracı məsələsində əsas tərəfdaş ölkələrdən biri Özbəkistandır".
Xədicə Məhərrəmli