Maarifin və Müstəqilliyin Sönməyən İşığı

Bölmə: Sosial › ,
Tarix: 19:35 04.07.2025

5 iyul Azərbaycan tarixinə böyük şəxsiyyətin doğum günü kimi yazılıb. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, dərin zəkası, parlaq siyasi uzaqgörənliyi və maarifə olan sonsuz sevgisi ilə tarixə iz qoymuş Nəsib bəy Yusifbəylinin doğulduğu gündür. O, sadəcə bir siyasətçi deyil, həm də xalqının gələcəyini elm, təhsil və müstəqil düşüncə üzərində qurmağa çalışan maarifpərvər bir ziyalı idi. Qələmilə millətə yol göstərən publisist, əməli ilə azadlıq uğrunda savaşan dövlət adamı olaraq Nəsib bəyin irsi bu gün də ilham mənbəyidir. Onun azad və savadlı bir cəmiyyət ideyası zamanın sınağından keçərək bu günümüzə qədər gəlib çatıb.

 

"Yusifbəyli (Yusifbəyov, Usubbəyov) Nəsib bəy Yusif oğlu - 1881- ci il iyulun 5-də ziyalı ailəsində anadan olub.Nəsib bəy Yusifbəyli Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin banilərindən və Azərbaycan Cümhuriyyətinin hökumət başçılarından biri idi.Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsində təhsil almışdı.N.Yusifbəyli Azərbaycan Cumhuriyyəti ”İstiqlal bəyannamə"sini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub.Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə, N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edib.

 

Azərbaycan Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur olub.Məmməd Həsən Hacınskinin isə yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələnib.

 

1920-ci il aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi nəticəsində XI qızıl ordu hissələri Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövlətini - Azərbaycan Cümhuriyyətini devirib və ərazisi işğal olunub.Bakının XI qızıl ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda –Kürdəmir yaxınlığndakı stansiyada faciəli surətdə qətlə yetirilib.

 

Belə fədakar və qəhrəman bir insanın qətlə yetirilməsi Azərbaycan üçün çox böyük itkidir.O, dövlətimizin müstəqilliyi uğrunda əlindən gələni etmiş və bu yolda da qətlə yetirilmişdir".

 

Nəsib bəyin birinci xanımı Şəfiqə Qaspralı xatirələrində yazırdı:

 

“Şəhadəti haqqında bir neçə rəvayət var. Biri Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı milyonçularından zənn edilərək öldürülməsidir. Bu rəvayəti burada mənə Qarxunlu Əşrəf adlı bir şəxs söyləmişdi. Başqa rəvayətə görə, yenə Kür sahilindəki bir kənddə, əvvəlcədən hazırlanmış evdə gecələyibmiş. Salla nəhrin qarşı tərəfinə keçməli imiş. Bərk tələsir, səbirsizlik göstərirmiş. Nəhayət, sal hazırlanmış, gecənin qaranlığında yola çıxmışlar. Amma çayın o biri sahilində dayananlar salı görməmişdilər. Üçüncü rəvayət də cinayətin elə Qarxunlu Əşrəfin öz əli ilə törədilməsidir. Amma bunların hamısı sadəcə söz-söhbətdir. Yeganə doğru olan şey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında aldığım o kiçik məktubdur. Başqa bir xəbər də eşitmişəm. Guya böyük qardaşı gedib o yerləri axtarıb, hətta məzarını da tapıb".

 

Tarixi unutmaq da, unutmamaq da bizim əlimizdədir.Gəlin,keçmişimizi unutmayaq , unutdurmayaq.Hər zaman dövlətimiz üçün çalışan və fədakarlıq göstərən,dövlətimizin müstəqilliyi uğrunda canından keçən qəhrəmanlarımızın və ziyalılarımızın adını həm Azərbaycana , həm də bütün dünyaya tanıdaq!

 

Nəzrin Məmmədova