Travmalar genetik ötürülürmü?

Tarix: 19:42 04.07.2025
Son illərdə aparılan psixoloji və epigenetik tədqiqatlar göstərir ki, travmalar təkcə fərdi deyil, həm də nəsillərarası təsirlərə malik ola bilər. Bu fenomen “nəsillərarası travma” və ya “epigenetik travma” anlayışları ilə izah olunur. Müharibə, deportasiya, zorakılıq və digər ağır hadisələrin yaratdığı sarsıntılar genetik və davranış mexanizmləri ilə növbəti nəsillərə ötürülə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a danışan Uzman psixoloq-psixoterapevt Sabina Bayramova bildirir ki, travmaların ötürülməsi bir neçə fərqli mexanizmlə baş verir:
“Travmaların genetik ötürülməsi dedikdə, əsasən epigenetik dəyişikliklər və psixososial davranış modellərinin nəsillərarası ötürülməsi nəzərdə tutulur. Burada söhbət genetik mutasiyadan deyil, genlərin fəaliyyətini tənzimləyən “epigenetik işarələr”dən gedir. Bu izlər bəzi hallarda sperm və yumurta hüceyrələrinə keçərək, növbəti nəslin gen ifadəsinə təsir edə bilir.
Eyni zamanda, valideynlərin davranışları – məsələn, həddindən artıq qoruyuculuq, emosional uzaqlıq, təhlükə hissi – uşaqlarda modelləşmə yolu ilə öyrənilir. Bu da travmanın emosional və davranış səviyyəsində ötürülməsi deməkdir.
Məsələn, 2016-cı ildə aparılmış bir araşdırmada Holokost sağ qalanlarının və onların övladlarının stresə cavab verən genlərində fərqli metilasiya səviyyələri müşahidə olunub. Bu dəyişikliklər valideynlərin travma yaşantısından sonra yaranıb və epigenetik iz kimi övladlara keçib.
Hətta siçanlar üzərində aparılmış təcrübələrdə belə sübut olunub ki, qorxu reaksiyası nəsillərarası şəkildə ötürülə bilir – siçanların övladları və nəvələri, özləri elektroşok yaşamamış olsalar da, valideynlərin keçirdiyi qorxuya bənzər reaksiyalar göstəriblər.
Azərbaycan cəmiyyətində də travmaların nəsildən-nəslə ötürülməsi halları müşahidə edilir.Xüsusilə müharibə, zorakılıq və məcburi köçkünlük yaşamış ailələrdə travmalar susqunluq, emosional bağların zəifliyi, qorxu, izolyasiya və həddindən artıq ehtiyatkarlıq kimi davranışlarla ötürülür. Bəzi ailələrdə müəyyən mövzuların tabu halına gəlməsi və uşaqların bu emosional atmosferdə böyüməsi onların gələcək münasibətlərinə və özlərinə baxışlarına təsir edir.
Travmalarla işləmək üçün müasir psixoterapiya yanaşmaları mövcuddur. EMDR, Somatik Təcrübə (SE), sistemik terapiya və mindfulness kimi üsullar bu sahədə effektiv sayılır. Xüsusilə nəsillərarası travmalarla bağlı sistemik yanaşmalar – ailə dinamikalarını anlamaq və şəxsə öz mənsubiyyətini tanımaq üçün güclü vasitədir. Travma yalnız ötürülmür – eyni zamanda tanındıqda və emal edildikdə sağala da bilir”.
Solmaz Muradova