"Taxıl sazişi" üzrə müzakirələr

Tarix: 19:37 04.07.2025
Rusiya ilə BMT arasında “Taxıl sazişi” üzrə son məsləhətləşmələr iyulun 11-də Cenevrədə keçiriləcək. Bu saziş, Ukraynadakı müharibə fonunda ərzaq təhlükəsizliyini təmin etmək və Qara dəniz üzərindən təhlükəsiz daşınmanı davam etdirmək məqsədi ilə 2022-ci ildə imzalanmışdı. İndi isə sənədin müddətinin uzadılmayacağı, lakin müzakirələrin davam edəcəyi bildirilir.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında 2022-ci ildə əldə olunmuş "Taxıl dəhlizi" ilə bağlı razılaşmanın ömrü çox qısa oldu:
"Əsilində müşahidəçilər elə o zaman da bu fikirdə idilər ki, "Taxıl dəhlizi" ilə bağlı razılaşma çox tez pozulacaq. Ona görə ki, bu dəhlizlə bağlı razılaşma Ukrayna-Rusiya müharibəsinin konteksində meydana çıxmış problem idi. Nə qədər ki, o münaqişə aradan qalxmayıb bu cür razılaşmaların uzunmüddətli nəticə vermək potensialı çox zəifdir. Artıq 1il yarımdan çoxdur ki, "Taxıl sazişi" pozulub. "Taxıl sazişi"nin pozulmasının birinci növbədə Rusiyaya böyük ziyanı var. Çünki Rusiya müxtəlif dünya ölkələrinə taxılı ixrac edə bilmir. Doğrudur, Ukranya üçün də müəyyən problemlər yaradır. Çünki Ukrayna da böyük taxıl ixracatçısıdır. Amma bu ölkənin taxıl ixrac etməsi üçün başqa geniş imkanları var və bu imkanlardan istifadə edə bilir. Hətta düşünürəm ki, "Taxıl sazişi"nin pozulması məqsədli şəkildə ortaya çıxmış gerçəklikdir. Çünki əgər Avropa, bütün Qərb Rusiya ilə müharibə aparırsa, aparılan bu müharibədə Rusiyanın hərtərəfli sıxışdırılması aydın məsələdir ki, bir taktikadır. Bir tərəfdən Rusiyanı vurub, digər tərəfdən vəziyyətini yüngülləşdirmək təbii ki, normal taktika deyil. Ona görə də razılaşmanın pozulmasının daha çox Rusiyaya ziyan verdiyini nəzərə alsaq, bu pozulma müəyyən qədər Qərb ölkələrinin planlarına, ssenarilərinə uyğun məsələdir. Əgər bundan sonra da bu dəhliz bərpa olunmayacaqsa, taxılın daşınmaması ilə dünya üçün həllolunmaz bir riskin yarana biləcəyini dünmürəm. Çünki əgər bu doğrudan da dünya üçün qorxulu nəticələrə gətirib çıxara bilsəydi, elə bu müddət ərzində özünü göstərərdi. Bunun üçün də "Taxıl sazişi"nin iflasa uğramasının dünya üçün dəhşətli nəticələr verəcəyi gözlənilmir. Taxıla daha çox ehtiyacı olanlar Afrika ölkələridir ki, bu ölkələrin təminatı başqa mənbələr hesabına ödənilir. Rusiya ilə Ukrayna arasında "Taxıl dəhlizi" ilə barədə razılaşmasının yenidən bərpa olunacağı ehtimalı zəifdir. Danışıqların uzun müddət davam edəcəyini düşünürəm. Bu danışıqlarının konkret nəticə verməsi yaxınlarda gözlənilmir".
Billurə Quliyeva