Tramp Afrika liderləri ilə sammit keçirəcək

Bölmə: Siyasət › ,
Tarix: 16:45 04.07.2025

ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra ilk dəfə 9-11 iyul tarixlərində Vaşinqtonda Afrika ölkələri liderlərinin iştirakı ilə sammit keçiriləcək.


Mövzu ilə bağlı “İnformator.az” a politoloq Tural İrfan bildirir ki, Tramp administrasiyası Amerikanın itirilmiş nüfuzunu bərpa etmək, maliyyə resurslarını və gəlirlərini genişləndirib artırmaq niyyətindədir:

 

“Əsasən də Afrika ölkələrini Rusiya və Avropanın ümidinə buraxmaq istəmir və mümkün qədər əlaqələri inkişaf etdirib təsir imkanlarını artırır. Məlumdur ki, Türkiyə və Azərbaycanın da Afrika ölkələri ilə münasibətləri inkişaf edir. ABŞ-nin məqsədi həmin ölkələrlə qurulan əlaqələri təkrarlamaqdır. Bunun da bir çox səbəbləri var. Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderlərinin ABŞ-yə gələrək məlum sammitdə iştirakı gözlənilir. Bu sammitdə bir çox mövzular müzakirə olunacaq. Sammitdə əsasən Qərbi Afrika ölkələri ilə mineral ehtiyatlar sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi də planlaşdırılır. Hətta əlaqələrin daha da genişlənməsinə imkan yaratmaq üçün bundan əlavə, payızda Nyu Yorkda daha geniş ABŞ-Afrika sammitinin keçirilməsi də planlaşdırılır. Burada əsasən ABŞ-nin maraqları ön plandadır”.

 

Həmçinin şərhçi Afrika ölkələrinin gələcəyindən də danışıb:

 

“Avropanın istismarından çıxıb ABŞ-nin istilasına düşmək Afrika ölkələrinə heç də xoş gələcək vəd etmir. Fəqət Türkiyə ilə münasibətlərin əhəmiyyəti gələcəkdə onların xilası üçün fayda verə bilər. Qərb həmişə Afrika ölkələrinə müstəmləkəsi kimi yanaşıb və tarixən Fransa kimi dövlətlər də inkarı istila və istismar edib. İndi bu yeri ABŞ tutmaq istəyir. Türkiyə isə daha əvvəldən Afrika ölkələrində işlər görür, bəzi ölkələrlə qarşılıqlı müqavilələri var. ABŞ Afrika ölkələrinə siyasi təsir göstərərək qarşıdakı planlarının icrası zamanı onların rolunu müəyyənləşdirmək istəyir. Yaxın Şərqdə və Afrikada ABŞ-nin planları var. Əsasən İsrailin təhlükəsizliyi üçün Türkiyənin Afrika ölkələrinə təsirini nəzərdə tutaraq onlarla balanslı siyasət yürüdüləcək. Bunun icrası zamanı Türkiyəyə yaxın olan Afrika ölkələrinin təsirini, rolunu azaltmaq məqsədi daşıyır. Ümid edirəm ki, ABŞ-nin Afrika ölkələrini özünə çəkməsi Türkiyənin də müvafiq addım atmasına və ABŞ-nin balanslaşdırılmış siyasət yürütməsinə təsiri ilə nəticələnəcək”.


Aysel Mirzəyeva