Azərbaycan və Pakistan çoxtərəfli əməkdaşlığı müzakirə edib

Tarix: 20:34 04.07.2025
Azərbaycan ilə Pakistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar. Görüşdə regional və beynəlxalq məsələlər də gündəmə gətirilib.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a bildirib ki, Pakistan Azərbaycana ən yaxın olan iki dövlətdən biridir:
"Hazırda Azərbaycanın strateji müttəfiqləri sırasında Türkiyə və Pakistan olduqca önəmli yer tutur.Bu baxımdan Pakistan və Azərbaycan arasında bütün sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi böyük önəm daşıyan bir məsələdir.Pakistan Azərbaycanı beynəlxalq məkanda daim müdafiə edən bir dövlətdir.Eyni zamanda Pakistan İslam dünyasının nüvə ilahına malik olan yeganə dövlətidir və Azərbaycan üçün Pakistanla strateji münasibətlər bütün mənalarda böyük önəm daşıyır.Ona görə də hesab etmək olar ki, hazırda Pakistan və Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyəyə çatması hər iki dövlətin maraqlarına tamamilə cavab verir və hər iki dövlətin siyasi rəhbərliyi də bu münasibətlərin inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edir. Azərbaycan və Pakistan arasında həm iqtisadi-ticarət, həm hərbi sahədə, həm də strateji xarakterli layihələrdə əməkdaşlıq, tərəfdaşlıq tamamilə mümkündür və bu istiqamətdə önəmli addımlar atılır. Yaxın gələcəkdə də bu prosesin intensiv şəkildə davam etdiriləcəyi qətiyyən şübhə doğurmur.Pakistan həm də Çinin ən yaxın tərəfdaşları, strateji tərəfdaşları sırasına daxildir".
Ekspert həmçinin bunu da bildirib ki, Azərbaycan da Çinlə strateji tərəfdaşlıq barədə saziş imzalayıb:
"Bu baxımdan Azərbaycan-Pakistan münasibətləri həm də Çinlə olan qarşılıqlı münasibətlərdə böyük önəm daşıyır.Yəni, hər üç ölkə – Çin, Azərbaycan və Pakistan – strateji tərəfdaş dövlətlər olaraq iqtisadi-ticarət, eyni zamanda hərbi texnologiya sahəsində bir-birlərinə dəstək vermə imkanlarına malikdirlər və bu da hər üç ölkənin gələcək maraqları, perspektivləri, prioritetləri baxımından böyük önəm daşıyan məsələlərdir.Belə ümid etmək olar ki, Azərbaycanın qlobal məkandakı mövqelərinin möhkəmlənməsi, eyni zamanda onun strateji tərəfdaşlarının Azərbaycana verdiyi dəstəklər,eləcə də Azərbaycanın öz strateji tərəfdaşlarına verdiyi dəstək tamamilə adekvatdır və bu baxımdan Azərbaycan öz həm iqtisadi-ticarət, həm enerji, həm də hərbi təhlükəsizliyini demək olar ki, böyük dövlətlərlə təmin etmiş vəziyyətdədir".
Gülhüseynova Güllər