Putin və Tramp arasında telefon danışığı baş tutub

Tarix: 20:33 04.07.2025
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlər və beynəlxalq gündəmdəki əsas məsələləri müzakirə ediblər.
Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika-Rusiya danışıqları Trump hakimiyyətə gələndən sonra davamlı olaraq baş tutur:
"Burada təbii ki, gerçəklər o qədər də işıqlandırılmır, yəni mətbuata danışıqlarda konkret nələrin müzakirə olunduğu geniş təfsilatı ilə bildirilmir. Amma müəyyən mesajlar verilir.Təqribən, burada ipucu olaraq verilən mesajlardan çıxış edərək nələrsə söyləmək olar.İkincisi isə baş verən hadisələrdən çıxış edərək demək olar ki, Rusiya ilə Amerika arasında nələr danışılır, nələr baş verir. Fikirlər çoxdur.Belə bir yanaşma var ki, Trump bir formada Rusiyanı yanına çəkmək istəyir, onu içəridən aralamaq istəyir və ona görə də müəyyən güzəştlər edir və s. Başqa bir yanaşma var ki, Rusiya tərəfi bir formada manipulyasiya edərək Tramp üzərində təsir yaradıb və bu vasitə ilə özünün bir sıra istəklərini və maraqlarını təmin edir.Bir başqa yanaşma var ki, hətta Tramp və Putin artıq bir çox məsələləri razılaşdırırlar, bölüşdürürlər, yəni dünyadakı böyük proseslərə iki böyük dövlət olaraq daha çox bu formada aydınlıq gətirirlər. Yəni, belə deyək də, elə bil dünyanın o iki qütbü olan dövlətlər yenidən dünyanı sanki öz aralarında bölüşməyə çalışırlar.Amma fərqli yanaşmalar var, xüsusilə ekspertlər hesab edir ki, Amerikada elə bir güc balansı var ki, hətta Tramp nə istəsə belə, Rusiyayla təkbaşına heç nəyi həll edə bilməz.Yəni, Amerikadakı digər siyasi güclər – Konqres, Senat və başqaları, o cümlədən hətta Respublikaçılar Partiyası, Demokratlar Partiyası – bir çox məsələlərdə, xüsusilə Rusiyaya münasibətdə Trampın yanaşması ilə razı deyillər və Rusiya qarşısında güzəştlər olanda onlar onun qarşısını almağa çalışırlar. Hər halda anlaşılan odur ki, İran məsələsi ilə bağlı ola bilsin, onlar müzakirə edirlər, Ukrayna ilə bağlı məsələlərdə anlaşa bilərlər, uzlaşa bilərlər.Amma bütün hallarda Ukraynaya Amerikadan silah təminatı, sursat təminatının dayandırılması ilə bağlı məlumatlar var, amma bəziləri deyirlər ki, bu heç də belə deyil, yalnız hansısa pozisiyalarda, istiqamətlərdə belə bir məhdudiyyətlər var, yəni digər istiqamətlərdə bu davam edir.Yəni, bəzən danışılanlarla gerçəkdə baş verənlər üst-üstə düşmür, ona görə indi beynəlxalq siyasət, beynəlxalq münasibətləri əhatə edən siyasət çox mürəkkəbdir, heç də hər şey deyildiyi kimi deyil, göründüyü kimi deyil".
Ekspert həmçinin bunu da qeyd edib ki, bu danışıqlar böyük çənada nə Amerikanın nə də Rusiyanın maraqlarına hhələ ki, ciddi təsir etmir:
"Yəni, xüsusilə də bu son dövrdə Putin açıq şəkildə bildirib ki, o, öz istəklərindən, yəni Rusiya öz istəklərindən geri çəkilməyəcək və yəqin ki, Tramp da Amerikanın maraqlarından geri durmayacaq.Ona görə də hansısa taktiki məsələlərdə bunlar anlaşa bilər, uzlaşa bilər. Məsələn, İran-İsrail savaşının dayandırılmasında mümkündür ki, onlar hansısa razılıq əldə etdilər. Amma mümkündür ki, hansısa məsələlərdə onlar razılaşmasın və hər kəs öz maraqlarına uyğun davransın. Hər halda görüşdən sonra nəyə razılaşırlar, nəyə razılaşmırlar – bəyanatlardan, açıqlamalardan və ən əsası fəaliyyətlərdən düşünmək olar ki, yenə ipucları əldə etmək mümkün olacaq. O ki qaldı NATO-nun, Avropa İttifaqının və Çinin bunlara olan münasibətinə təbii ki, ola bilər ki, Amerika ilə Rusiya heç bir halda anlaşmasın. Ola bilsin ki, Avropa İttifaqı ümumiyyətlə Tramp və Amerikanı bir mənalı olaraq Avropanı dəstəkləsin, Ukraynanı dəstəkləsin və Rusiya qarşı sanksiyaları sərtləşdirsin.Çinin də təbii ki, öz maraqları var.Hər halda Çin, Rusiya və Amerika arasında sərt qarşıdurmanın olmasını istəmir.Görünən tərəfi budur.Amma görünməyən tərəfi də odur ki, bu qarşıdurma olmayanda artıq qarşıdurma Çinlə Amerika arasında olur.Ona görə də ola bilsin, hətta bəlkə də Çinin marağına uyğundur ki,hələlik Amerikanın hədəfində Rusiya olsun və bundan istifadə edib Çin bir qədər də güclənsin".
Gülhüseynova Güllər