Elektrik enerjisinin istehsalı qaydalarında dəyişiklik edilib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:52 07.07.2025

Elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılmasının müddəti dəyişib.


"İnformator.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Elektroenergetika haqqında” qanunda təklif edilən dəyişikliyi təsdiq edib.

 

Dəyişiklikdən əvvəl ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərirdi. Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

 

Təklif edilən dəyişikliklə yuxarıdakı qadağa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş müddətdə qüvvəyə minib.


Elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin birinci mərhələsində (birinci mərhələ qanunun qüvvəyə mindiyi gündən, yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrü əhatə edir) həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması 2025-ci il iyulun 1-dək deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə icra ediləcək.