Rusiya-Türkiyə reyslərinin təxirə salınması turizm sektoruna necə təsir edir?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:12 07.07.2025

Turkish Airlines Rusiyaya uçuşları yenidən ləğv edib. Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

 

Bildirilib ki, iyulun 5-i günorta saatlarından, iyulun 6-sı günortayadək Moskva, Sankt-Peterburq və Nijni Novqorod aeroportlarında 130-a yaxın reys ləğv edilib. Onların arasında beynəlxalq uçuşlar da var. Məlumata görə, Turkish Airlines aviaşirkəti Sankt-Peterburqdakı Pulkovo aeroportundan Türkiyə kurortlarına nəzərdə tutulan 26 reysin 10-u ləğv edib, 4-ü isə gecikib.

 

Bundan başqa, Vnukovo hava limanının məlumatına görə, Türkiyədən Sankt-Peterburqa uçmalı olan bəzi reyslər həmin hava limanına yönləndirilib.

 

Həmçinin Pegasus Airlines-ın İstanbul reysləri və Express Air aviaşirkətinin Tunisə (Hammamet) reysi də ləğv olunub.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya ilə Türkiyə arasında aviareyslərin təxirə salınmasının əsas səbəbləri artıq məlumdur:

 

"Bu təxirə salmaların arxasında duran başlıca amil Rusiya hava məkanında mövcud olan təhlükəsizlik riskləridir. Bəzi reyslərin hətta 10 günədək gecikməsi müşahidə olunur.

 

Qeyd etmək lazımdır ki, turistlər adətən 5-15 günlük səfərlərə üstünlük verirlər. Belə uzunmüddətli gecikmələr isə həm aviaşirkətlərin, həm də turizm agentliklərinin ciddi maliyyə itkilərinə səbəb olur. Bilet iadə prosesi, rezervasiyaların ləğvi, tur paketlərinin yenidən təşkil olunması kimi məsələlər nəticədə bütövlükdə turizm sahəsində fəaliyyət göstərən bütün iştirakçılar üçün ciddi çətinliklər yaradır.

 

Bu vəziyyət Türkiyə turizminin strategiyasına da təsirsiz ötüşməyəcək. Güman edilir ki, yaxın gələcəkdə Türkiyə Rusiyaya yönələn turist axınını digər alternativ istiqamətlərə yönəltməyə çalışacaq. Buraya əsasən Avropa ölkələri, Skandinaviya və digər yüksək potensiallı regionlar daxildir. Lakin bu, turistlərin maraqlarına uyğun olmaya bilər. Çünki Rusiya turizmi nisbətən daha münasib qiymətlərlə seçildiyi halda, Avropa ölkələrində istirahət kifayət qədər bahalıdır.

 

Nəticədə, bəzi turistlər ümumiyyətlə xaricə səfər planlarından imtina edərək, öz ölkələrində istirahət etməyə üstünlük verə bilərlər. Xüsusilə də Rusiya daxilindəki turistlər üçün bu daha asandır – ölkənin geniş coğrafiyası və müxtəlif iqlim şəraiti alternativ istirahət imkanları təqdim edir. Amma bu vəziyyət Avropa ölkələrindən Türkiyəyə gələn turistlər üçün müəyyən maneələr yarada bilər.

 

Ümumilikdə isə bu kimi problemlər Rusiya və Türkiyə arasında turizm axınının azalmasına səbəb ola bilər. Hətta qlobal miqyasda bu iki ölkəyə yönələn turizm marağına da mənfi təsir göstərməsi mümkündür".

 

Aytən Ağazadə