Ağdam-Füzuli yolunda qəza: Qanunsuz sərnişin daşıma...

Bölmə: Hadisə › ,
Tarix: 17:28 09.07.2025

Bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və bir neçə sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qəza törədən nəqliyyat vasitəsi müntəzəm sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan buraxılış kartı olmadan və qanunsuz şəkildə fəaliyyət göstərib.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə Teleqraf-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Xatırladaq ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu və Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq olunmuş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, sifarişli və qeyri-müntəzəm sərnişin daşımaları zamanı sürücüdə daşımaya dair formulyar olmalıdır. Formulyar elektron qaydada AYNA informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Bundan əlavə, müvafiq icazə alındıqdan sonra sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər reysqabağı tibbi, nəqliyyat vasitələri isə texniki müayinədən keçməlidir. Qurum vətəndaşlara müraciət edərək yalnız rəsmi icazəyə malik, qeydiyyatdan keçmiş daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırır.