Ölkəni məhv edən dəhşət!

Bölmə: Dünya › ,
Tarix: 17:50 09.07.2025

ABŞ-nin Texas ştatında baş verən güclü sel fəlakətində həyatını itirənlərin sayı ən azı 111-ə çatıb. Fəlakətin ən ağır hiss olunduğu Kerr County-də itkin düşənlərin sayı 170-i keçib. Axtarış-xilasetmə işləri davam edir, yerli rəsmilər itkinlərin sayının rəsmi rəqəmlərdən daha çox ola biləcəyini bildiriblər.

 

Texasda ötən həftə yağan güclü yağışlar nəticəsində baş verən sel fəlakətinin miqyası genişlənib. Rəsmilərin son məlumatına görə, seldə həyatını itirənlərin sayı 111-ə yüksəlib, azı 172 nəfərin taleyi isə hələ də naməlumdur.

 

Kerr County və ətrafındakı düşərgə ərazilərinin böyük hissəsinin su altında qaldığı, bölgədə düşərgə edən bir çox şəxsin qeydiyyatsız olması səbəbindən dəqiq sayın müəyyən edilməsində çətinlik çəkildiyi qeyd olunub. İki yüksək səviyyəli hökumət rəsmisi itkinlərin sayının ictimaiyyətə açıqlanandan çox ola biləcəyi barədə xəbərdarlıq edib.

 

ABŞ Prezidenti Donald Tramp da Ağ Evdə keçirilən kabinet iclasında Texasdakı fəlakətə geniş yer ayırıb. “Orada uşaqlarını palçıqdan və daxmaların qalıqları altından çıxaran valideynləri gördüm. Xilasetmə qruplarımız böyük işlər görüb. Federal resurslarımız tam şəkildə ərazidədir”, – deyə Tramp bildirib. “Qubernator Abbott ilə daimi əlaqədəyik. Yardım prosesi davam edəcək”, – deyə əlavə edib.

 

Rəsmilər qarşıdakı günlərdə itkin düşənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər. Bölgəyə əlavə xilasetmə qruplarının göndərildiyi bildirilib. Güclü yağışlar səbəbindən nəqliyyatda yaşanan çətinliklər də işlərin sürətinə təsir göstərib. Texasda 2025-ci ilin yayında baş verən bu sel fəlakəti ştatın son 50 ildə ən çox insan tələfatına səbəb olan təbii fəlakətlərindən biri kimi dəyərləndirilib.

 

Haberler.com

Aygün Babayeva