Azərbaycan–Qazaxıstan Dəmir Yolu Əməkdaşlığı Genişlənir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:35 09.07.2025

Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların artırılması məqsədilə müzakirə aparıb.

 

Müzakirə Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) Pekində keçirilən XII Konqresində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və “Qazaxıstan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında baş tutub.

Tərəflər TBNM marşrutunun rəqəmsallaşdırılması, avtomatlaşdırılması və dəmir yollarının informasiya sistemlərinin inteqrasiyası məsələlərinə xüsusi diqqət yetiriblər. 

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Qazaxıstan daha çox öz neftini Rusiya üzərindən ixrac edib:

 

 "İndi Rusiyaya qoyulan sanksiyalar artıq Qazaxıstan neftinin ixracatını da əngəlləyir. Ona görə də artıq iki ildir ki, Qazaxıstan Xəzər üzərindən tankerlər vasitəsilə öz neftinin bir hissəsini Bakıya daşıyır və buradan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə ərazisinə, Ceyhan limanına daşıyır, oradan isə Avropaya xam neft daşınır. Eyni zamanda, digər yüklərin də daşınması ilə bağlı bu iki ölkə arasında müəyyən müqavilələr bağlanıb. Artıq bilirsiniz ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə 11 milyard dollarlıq müqavilə imzalayıb. Orta və Mərkəzi Asiya ölkələrində nadir torpaq elementlərinin hasilatı ilə bağlı Avropa İttifaqının müqaviləsi var və bu müqavilə çərçivəsində yükdaşımaların həcmi getdikcə artacaq. Bir tərəfdən həmin müqavilə, digər tərəfdən isə Qazaxıstanın Rusiya üzərindən neft ixrac etmək imkanlarının məhdudlaşması gətirib ona çıxarır ki, Qazaxıstan Azərbaycan üzərindən yükdaşımaları artırsın".

 

Həmçinin ekspert bildirib ki, Avropanın Mərkəzi və Orta Asiya ölkələrinə marağının da əsas səbəbi, əsasən, nadir torpaq elementləri, qaz, neft və digər təbii sərvətlərdir: 

 

"Bunların Avropaya daşınması qarşıdakı dönəmdə aktuallaşır. Bu yükdaşımalarda isə yeganə yol Orta dəhliz vasitəsilə Azərbaycan üzərindən həyata keçiriləcək. Yəni Şimal dəhlizi – bilirsiniz ki, Rusiya ərazisindən keçir – Avropa üçün maraqlı deyil. Cənub dəhlizi isə Hindistandan, Kəşmirdən və İrandan keçir. Bu da Avropa üçün önəmli deyil. Əsas olan Orta dəhlizdir ki, Orta dəhliz də Azərbaycandan keçir. Yəni burada hətta Çinin ciddi maraqları var. Bununla yanaşı, Qara dəniz, Azərbaycan, Gürcüstan və Qara dənizin altından isə Avropaya yaşıl enerji ixracı layihələndirmə mərhələsindədir. İndi bu layihələndirmə mərhələsində həm də Orta Asiya ölkələri bu kabelə qoşulmaq istəyir. Xəzərin dibindən yaşıl enerji kabeli çəkib, Bakıdan Avropaya uzanan yaşıl kabel vasitəsilə Orta Asiya ölkələri də Avropaya yaşıl enerji ixrac etmək fikrindədir. Artıq memorandum imzalanıb. Yəni bu, Orta Asiya ölkələrinin Azərbaycana inteqrasiyası, üstəgəl Zəngəzur dəhlizinin açılması həm iqtisadi baxımdan çox böyük səmərəyə malikdir, həm də dünyada tarixi bir şərait yaranır: Türk zolağı bütövləşir. Bu da xüsusi geosiyasi önəm daşıyır".

 

Nigar Həsənzadə