Ukraynanın Kursk hücumu-Rusiya nazirinin müəmmalı intiharı

Bölmə: Siyasət › ,
Tarix: 22:31 09.07.2025

 

Rusiyada nüfuzlu Rotenberq qardaşlarının dəstəyi ilə karyera quran Roman Starovoyt əvvəl Kursk vilayətinin qubernatoru, sonra isə nəqliyyat naziri olub. Qubernator kimi “əjdaha dişləri” adlı istehkamların tikintisinə cavabdeh idi. Lakin Ukraynanın Kursk istiqamətindəki hücumu bu müdafiə xətlərinin səmərəsizliyini üzə çıxarıb.Bundan sonra Rusiya strukturları məsuliyyəti bir-birinin üzərinə atmağa başlayıb. Starovoytun yaxın adamları – hazırkı qubernator Smirnov və “Kursk Vilayətinin İnkişaf Korporasiyası”nın rəhbəri Lukin həbs olunaraq onun əleyhinə ifadə veriblər.

 

Ekspertlərə görə, Starovoyt korrupsiya zəncirində sonuncu fiqur olmayıb və həbsi halında yüksək vəzifəli şəxsləri ifşa edə bilərdi. Bu isə onun müəmmalı intiharının arxasında siyasi motivlərin ola biləcəyini göstərir. Bənzər hadisələr daha əvvəl də Rusiya neft-qaz sektorundakı top-menecerlərlə baş verib.Qeyd edək ki, Putinin sərəncamı ilə vəzifədən azad edilən Starovoyt həmin gün intihar edib.

 

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın postsovet məkanındakı təsiri, yəni Sovet İttifaqının dağılmasından sonra formalaşan siyasi və hərbi mövqeləri böyük problemləri də özü ilə gətirib:



“Qarşısında isə Rusiya dayanıb və bu, Rusiyanın təsir dairəsində olan dövlətlərdə də özünü uzun müddət göstərib, indi də göstərməkdədir. Yəni bu, artıq bir əsrin reallığı və uğursuzluğudur”.

 

Elman Vəliyev qeyd edib ki, idarəetmədə çox ciddi boşluqlar mövcuddur:

 

“Müharibə şəraiti bir daha göstərib ki, Rusiyanın idarəetmə sistemində, hər sahəsində böyük problemlər var. Putin də bu müddətdə bir çox şəxsi vəzifədən uzaqlaşdırıb, bəzilərini yenidən vəzifəyə gətirib. Beləliklə, hansı boşluqların və səhvlərin olduğunu özü də bir daha müşahidə etmiş oldu. Əminəm ki, hər sahədə – istər xüsusi xidmət orqanlarında, istərsə də digər təhlükəsizlik qurumlarında ciddi dəyişikliklər olacaq. Hətta deyərdim ki, bu proses 2000-ci illərə qədər uzana bilər. Bu cür fundamental dəyişikliklər, yəni dövlətin daxilindəki gizli informasiyaların idarə olunması məsələləri, ölkə üçün mühüm təsirə malikdir.Putinə isə indi daha sadiq, daha loyal şəxslər lazımdır. Bu baxımdan, belə adamların ölməsi və ya sıradan çıxması onun üçün çox ciddi itkilər yaradır. Nəticə etibarilə, bu vəziyyət hakimiyyəti idarə etməyi daha da çətinləşdirir. O da məcburdur ki, özünə daha etibarlı və sistem üçün “uyğun” şəxsləri vəzifəyə gətirsin”.

Ləman Mahmudlu