İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060-a çatıb

Bölmə: Siyasət › ,
Tarix: 22:23 09.07.2025

İranın Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi dövlət televiziyasına açıqlamasında deyib ki, İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.

 

“Axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1060 nəfəri dəfn etdik”, - deyə bildirilib.

 

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, vəziyyət elədir ki, nə müharibə, nə də sülhdür:

 

“İsrail İranın üzərində qələbə elan etdi. İran da İsrail üzərində qələbə elan etdi. Hərə özünü daxili və xarici auditoriyaya qalib kimi təqdim etdi. Kimin hansı ölkəyə simpatiyası varsa, həmin ölkəni qalib olaraq gördü. Amma bu savaşda ümumi qalib yoxdur. Yəni, on iki günlük atışma idi. Buna müharibə də demək olmaz. Bəli, ciddi itkilər oldu, silahsız insanlar öldü, əsasən də İran tərəfindən. İsrail, çox güman ki, nüvə obyektlərinə Amerikanın iştirakı ilə ciddi zərbələr vurdu. İranı ən az on il, on beş il geriyə atdı. Bu nüvə məsələsi yönündə atılan addımlara görə. Amma İran da göstərdi ki, baxın, İsrailə cavab verdik. Heç bir ciddi zərbə endirə bilmədi. Trump da bunu açıqlayır. İran Qətəri vuranda bizi əvvəlcədən məlumatlandırdı. Biz çıxdıq. Məlumatlar da vardı. İran da gözləyirdi ki, Amerika onun üç əsas nüvə obyektinə vuracaq və əvvəlcədən oradan çıxmışdı. Bütün nüvə materiallarını çıxarmışdı. Amma daxildə də İran özünü qalib elan etdi. Daxili rejimi daha gücləndirdi, möhkəmləndirdi. Əfqanıstandan çox mühacirləri ölkəsindən çıxardı və verilən xəbərlərə görə, onlar İsrailə çoxlu məlumatlar vermişdi. Düşünürəm ki, ciddi bir dəyişiklik yoxdu. On iki gün savaşdan qabağa baxsaq, belə bir ciddi dəyişiklik yoxdu. İran yerində durur, hakimiyyəti yerində durur. İsrail də ritorikası ilə öz yerində durur. Amerika da eynilə. Trump necə on iki gün qabaq birmənalı olmayan açıqlamalar verdi. İndi də birmənalı olmayan açıqlamalar verir. Yəni ki, səhər bir açıqlama verir, günorta bir açıqlama verir. Ertəsi səhər yenidən günortanın açıqlamasını verir. Belə bir vəziyyətdir. Nə müharibə, nə də ki sülhdür. Belə deyək, İran, İsrail, Amerika münasibətlərində nə müharibə, nə sülh vəziyyəti davam edir”.

 

Ekspert üçüncü tərəflərin vəziyyətə baxışı haqqında da danışıb:

 

“Rusiya, Çin, ABŞ-yə gəldikdə isə bunlar heç biri ciddi müharibədə iştirak etmək istəmir. ABŞ, düzdür, raket zərbələri ilə dəstək verdi. Ola bilsin, bu zərbələr İrana ciddi nəticələrlə oldu. Amma bu, İran hakimiyyətində heç bir problem yaratmadı və İranda irimiqyaslı müharibə ilə nəticələnmədi. Çoxları bunu gözləyirdi. Rusiya ilə Çin ümumiyyətlə, İrana görə İsrail və ABŞ ilə müharibə edən deyillər. Çin İrana dəstək verdi, silah dəstəyi, çip dəstəyi. Rusiya da ona bir sıra dəstək verib, amma Rusiyanın dəstəyi daha çox gözlənilirdi. Elə olmadı. İndi bunlar özlərini “dünyanın 3 ən böyüyü” sayırlar. Elə bil ki, dünya bunların üçü arasında bölünəcək. Bunu artıq Rusiya federal kanallarından açıq söyləyirlər. Amma elə deyil. Artıq regional baxımdan güclü dövlətlər var. Bunlarında öz maraqları var. Məsələn, Türkiyə. Türkiyə Suriyada həm Rusiyanın, həm Amerikanın oyununu pozdu. Yəni, regional dövlətlər qurulur, Almaniya, Fransa, Britaniya yenidən Avropada öz maraqlarını əks etdirməyə başlayırlar. Latın Amerikasında Braziliya var. Məsələn, Yaponiya yenidən hərbi-siyasi baxımdan dirçəlmək üzrədir. Çünki dövlətin əsas gücü, hərbi-siyasi gücüdür. Hərbi-siyasi gücün olmayacaqsa, nüfuzun olmayacaq. Sənin iqtisadi gücün uzağı səni yüksək inkişaf etmiş ölkə edəcək. Sosial rifahlı ölkə edəcək. Məsələn, İsveç kimi, Norveç kimi və s. Yəni, artıq çoxqütblü dünya qurulub. Bəziləri buna ümumiyyətlə, qütbsüz dünya deyirlər. Kimin bir az gücü var, o artıq öz sözünü deməyə başlayır. İndi belə bir dünyada yenidən dəyişmə formasiyası gedir. Bu, nə ilə nəticələnəcək, çoxqütblülüklə, qütbsüzlüklə, anarxiya ilə, təkqütblülüklə, bunu zaman göstərəcək”.

 

 

Lalə Qurbanlı