Sülh müqaviləsi, yoxsa geosiyasi oyun?-ABŞ Ermənistan üzərində təzyiqləri artırır

Tarix: 22:30 09.07.2025
Erməni nəşri “Hraparak”ın yaydığı məlumata görə, ABŞ Ermənistan üzərində təzyiqləri artıraraq Azərbaycanla sülh müqaviləsinin qısa müddətdə imzalanmasını istəyir. Vaşinqton tərəflər arasında danışıqların nəticəsiz uzanmasını istəmir və İrəvanı konkret qərarlar verməyə sövq edir. Bu proses regionda geosiyasi balansın dəyişməsi ehtimalını və ABŞ-Rusiya rəqabətinin artmasını yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a danışan Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas Qafar Çaxmaqlı bildirib:
“ABŞ-nin Cənubi Qafqazda maraqları məlumdur. Rusiyanın təsir gücünü azaltmaq, son nəticədə onu Cənubi Qafqazdan çıxarmaq. Siyasəti də bu istiqamətdə aparır, Ermənistana təzyiqlər də buna hesablanır.
İndi ABŞ-ni maraqlandıran Zəngəzur dəhlizi ilə bağlı gəlişmələrdir. Ona görə də Ermənistana təzyiq olunur ki, Azərbaycanla sülh sazişi bir an öncə bağlansın. Əbu Dabidə keçiriləcək görüş ABŞ formatıdır. Təbii ki, Rusiya bu həmləni qəbul etmir və əlində olan vasitələrlə buna mane olmağa çalışacaq. Azərbaycan–Rusiya münasibətlərinin süni surətdə gərginləşdirilməsi də, Ermənistanda baş verən anti-Paşinyan hərəkatı da bu səbəbdəndir”.
Qafar Çaxmaqlı əlavə edib ki, Ermənistan sülh sazişini imzalamağa meylli görünsə də, bu işin Amerika patronajlığında olması rəsmi İrəvanın ürəyincə deyil:
“O daha çox bu işin ya ikitərəfli, ya da Rusiyanın vasitəçiliyi fonunda etmək istəyir. Daha doğrusu, bu xəttdən çıxmağın təhlükəli olduğundan qorxur. Bu səbəbdən Əbu Dabi görüşündə sənədi imzalayacağından əmin olmaq olmur. Amma ABŞ-nin bölgədə fəallaşacağını ehtimal etmək olar”.
Solmaz Muradova