Trampın rüsum effekti

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:50 31.07.2025

 

"Bloomberg Economics"in qiymətləndirməsinə görə, Donald Trampın prezidentliyi dövründə tətbiq etdiyi rüsum siyasəti 2027-ci ilə qədər dünya iqtisadiyyatına 2 trilyon dollar itki verə bilər. Bu rüsumlar nəticəsində ABŞ-də tariflər 1930-cu illərdən bəri ən yüksək səviyyəyə çatıb. Orta tarif göstəricisi 2,5%-dən 13,5%-ə, bəzi hallarda isə 16%-ə qədər yüksəlib. ABŞ və Avropa İttifaqı arasında imzalanmış yeni ticarət sazişi müəyyən güzəştləri nəzərdə tutur və qarşılıqlı iqtisadi öhdəliklər yaradır.

 

Mövzu ilə bağlı liberal iqtisadçılar mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın rüsum siyasəti birbaşa Amerika iqtisadiyyatının dirçəldilməsinə yönəlib:

 

"Son illər ABŞ iqtisadiyyatı, dünya valyutası sayılan dolların kölgəsində tənbəlləşmişdi. Son 30-40 il ərzində ölkə daxilində istehsal əhəmiyyətli dərəcədə azalmış, hətta dünyanın avtomobil bazarında liderlərdən biri olan Amerika demək olar ki, bu bazardan sıxışdırılıb çıxarılmışdı. Hazırda dünya bazarında Amerika avtomobilləri o qədər də populyar deyil. Çin, Yaponiya, Koreya, Almaniya, Fransa kimi avtomobil nəhəngləri Amerikanı kölgədə qoymağa başlayıblar.Tramp özü biznesmendir və iqtisadiyyat haqqında müəyyən bilgilərə sahibdir. Siyasətdə bir qədər təcrübəsiz olsa da, iqtisadiyyatdan baş çıxarır. O düşünür ki, Amerika kimi qüdrətli bir dövlətin dövlət borcunun ümumi daxili məhsulun həcminə yaxınlaşması risklidir və ölkə üçün ciddi mənfi nəticələr yaradır. ABŞ-də daxili istehsal zəifləyib, sahibkarlar tənbəlləşib. Buna görə də Tramp xarici ölkələrdən idxala rüsum tətbiq etməklə ABŞ-də daxili istehsalı canlandırmaq istəyir. Bu addımın nəticəsində digər ölkələr müəyyən zərərlər çəkəcək, bazar payı itirəcək, məhsullar bahalaşacaq. Amma bu bahalaşma fonunda ölkənin daxili istehsalını stimullaşdırmaq məqsəd güdür. Çin, Avropa, Yaponiya, Koreya və Kanada kimi ölkələr Amerika bazarının bir hissəsini itirəcək və bu, dünya iqtisadiyyatına müəyyən mənada zərər vuracaq. Bununla belə, Trampın iqtisadi strategiyası ABŞ iqtisadiyyatının dirçəlməsinə və yüksəlməsinə töhfə verə bilər.

 

Tramp dövründə xarici investisiyalarla bağlı da ciddi addımlar atılıb. Məsələn, Səudiyyə Ərəbistanı ilə 500 milyard dollarlıq investisiya razılaşması əldə edilib. Avropa İttifaqı ilə qarşılıqlı ticarət və investisiya müqaviləsi bağlanıb və bununla da 150 milyard dollarlıq məhsul idxalı, 600 milyard dollarlıq investisiya nəzərdə tutulub. Bundan əlavə, Ukrayna ilə 600 milyard dollarlıq hasilat və nəql razılaşması imzalanıb. Bütün bu addımlar ABŞ iqtisadiyyatını dirçəltmək məqsədi daşıyır. Trampın bu strategiyası, sanki, ölməkdə olan Amerika iqtisadiyyatına elektroşok effekti verməkdir. Əvvəlki mərhələdə bahalaşmalar baş verə bilər, lakin sonrakı mərhələdə bu məhsullara alternativ olan daxili istehsal işə düşəcək və bu, qiymətlərin sabitləşməsinə səbəb olacaq.

 

Digər tərəfdən, Tramp dünya bazarında enerji daşıyıcılarının qiymətinin aşağı salınması üçün də səy göstərir. OPEK Plus ölkələrinə, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə təzyiqlər edir ki, hasilatı artırsınlar. Məqsəd dünya bazarında enerji daşıyıcılarının qiymətini aşağı salmaq və bu yolla ABŞ daxilində bahalaşmanın bir hissəsini kompensasiya etməkdir. ABŞ-də enerji qiymətləri dövlət tərəfindən tənzimlənmir; qiymətlər bazar mexanizminə tələb və təklifə əsaslanır. Bütün bu tədbirlər ABŞ iqtisadiyyatının yüksəldilməsinə xidmət edir. Bəli, bu yolda Amerika ilə ticarət edən digər ölkələr bazar payı və gəlir itirəcək. Amma bu itkinin dəyəri mücərrəddir. Verdiyiniz məlumada, Bloomberg bu məsələ ilə bağlı qiymətləndirmələr apardığı bildirilib".


Xəlilli Nigar