“Danone” MMC fəaliyyətini dayandırıb

Tarix: 19:25 11.07.2025
Azərbaycanda süd məhsulları idxalı sahəsində tanınmış şirkətlərdən biri olan “Danone” MMC ləğv olunduğunu elan edib. Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi mətbu orqanında yayımlanıb. Kreditorlara müraciət üçün iki ay müddət verilib. 2006-cı ildən fəaliyyətdə olan şirkət bir sıra məşhur brendlərin ölkəyə idxalı ilə məşğul olub.
Bu mövzu ilə bağlı açıqlamasında İqtisadçı Akif Nəsirli "İnformator.az"a bildirib ki, Danone MM (DANONE) şirkəti, ümumiyyətlə, Fransa şirkətidir:
"Orada 1919-cu ildə, yəni düz 106 il bundan əvvəl fəaliyyətə başlayıb. Bütün dünyada süd və süd məhsulları, müalicəvi süd məhsulları, mineral sular və suların ticarəti ilə məşğul olan transmilli bir şirkətdir.
Azərbaycanda da idxal sektorunda bu şirkət demək olar ki, inhisarçılardan biri idi. Ölkənin xarici şirkət olaraq Azərbaycanda hər hansı bir seqmenti inhisara alması çox böyük iddiadır. Mən hesab edirəm ki, DANONE şirkətinin Azərbaycanda fəaliyyətinə heç bir maneə, heç bir – necə deyərlər – əngəl yoxdur.
Sadəcə olaraq, görünür ki, Azərbaycanla Fransa arasındakı siyasi prosesləri təhlil edərək bu şirkətin rəhbərləri belə bir qərar qəbul ediblər. Ataların bir sözü var: "Xain xoflu olar, kor ölkəyə". İndi fransızlar düşünür ki, Azərbaycanla Fransa arasında müəyyən siyasi gərginlik var və bu siyasi gərginlikdən istifadə edərək Azərbaycan hökuməti bu şirkətə problem yarada bilər.
Amma indiyə qədər bu şirkətə heç bir problem yaradılmayıb. Lakin bu şirkət indi Rusiyada, Rusiyanın timsalında baş verənləri müşahidə edir. Ümumiyyətlə, Fransanın Azərbaycana münasibətini izləyir və bu müşahidələrdən nəticə çıxararaq, özünü sığortalamaq məqsədilə fəaliyyətini Azərbaycanda dayandırıb.
Yəni burada Azərbaycan hökuməti tərəfindən heç bir basqı, əngəl, maneçilik yoxdur. Prezident səviyyəsində elan edilib ki, Fransa ilə Azərbaycan arasındakı siyasi münasibətlər, iqtisadi münasibətlərə aid deyil. Amma hər nə qədər bu cür bəyanatlar verilsə də, şirkətin bir strategiyası var. Şirkət öz fəaliyyətini sığortalamaq məqsədilə Azərbaycanda fəaliyyətini dayandırır.
Mən hesab edirəm ki, Danone şirkətinin Azərbaycanda fəaliyyətini dayandırması inhisarçılardan birinin aradan qaldırılması ilə nəticələndi ki, bu da işin xeyrinədir. Amma məsələ burasındadır ki, biz "Danone" şirkətinin yerinə yeni bir inhisarçı şirkət yaratmamalıyıq.
Bu bazardakı Danone şirkətinin payı – yəni bu seqment – müxtəlif yerli şirkətlər arasında bölüşdürülməlidir, mən belə düşünürəm. Yəni biz Danone şirkətinin yerini doldurmaq üçün mütləq bir şirkət seçməməliyik. Bu seqmenti sərbəst buraxmalıyıq ki, kim bacarırsa, yerli şərtlərlə bu işin öhdəsindən gəlirsə, o da fəaliyyətini göstərsin.
Hesab edirəm ki, süd məhsulları idxalı elə bir seqment deyil ki, burada idxala çətinlik yaransın, yaxud burada boşluq meydana gəlsin. Azərbaycan dünyaya inteqrasiya etmiş bir ölkədir, iqtisadiyyatı açıqdır. Ona görə də bu şirkətin sıradan çıxması hər hansı boşluğa və ya qıtlığa gətirib çıxarmayacaq.
Əksinə, mən hesab edirəm ki, bu şirkətin sıradan çıxması və fəaliyyətinin dayandırılması, Azərbaycanda bu seqmentə aid bir neçə yeni şirkətin yaranmasına səbəb olacaq. Əgər bir şirkətin yerində beş şirkət yaranırsa, burada artıq rəqabət mühitinin formalaşmasından söhbət gedir ki, bu da işin xeyrinədir.
Biz bilirik ki, Azərbaycan iqtisadiyyatında rəqabət mühiti problemlidir. Belə şirkətlərin sıradan çıxması və onların yerinin kiçik şirkətlərlə doldurulması, rəqabət mühitinin formalaşmasına xidmət edən bir məqam kimi qiymətləndirilə bilər.
Yəni Danone şirkətinin fəaliyyətinin dayandırılması heç də yeni fəlakətə səbəb olmur. Yox, əgər süd məhsullarının çatışmazlığı yaranacaqsa – ki birincisi, yaranmayacaq – yaranacaqsa da, bu yenə də işin xeyrinədir. Bu sahəyə ölkə daxilində maraq artacaq. Fermerlər daha çox inək saxlamağa, daha çox süd istehsal etməyə maraqlı olacaqlar.
Yəni bu, Azərbaycan üçün, Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlərə gətirib çıxarmayacaq".
Xəlilli Nigar