Azərbaycan və Çin arasında mülki aviasiya əməkdaşlığı gücləndirilir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:22 11.07.2025

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Çin Mülki Aviasiya Administrasiyasının Baş direktorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə, görüş zamanı iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər arasında hava əlaqəsinin inkişafı, təcrübə mübadiləsi məqsədilə nəzarət tədbirləri çərçivəsində aparılan yoxlamalarda birgə iştirak, təlimlərin təşkili və mülki aviasiya infrastrukturunun inkişafında əməkdaşlığın vacibliyi vurğulanıb.

Çin Mülki Aviasiya Administrasiyası və Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi arasında mülki aviasiyanın müxtəlif sahələrində, o cümlədən hava əlaqəsinin inkişafı, mülki aviasiya infrastrukturu, dayanıqlı aviasiya, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi sahələrində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb.

 

Mövzu ilə bağlı Phd., Coğrafiya, iqtisadçı ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Çin arasında imzalanan yeni aviasiya əməkdaşlıq sənədi, əsasən, hava əlaqələrinin genişləndirilməsi, mülki aviasiya infrastrukturunun inkişafı, dayanıqlı aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin gücləndirilməsi, həmçinin təlim və təcrübə mübadiləsini əhatə edir:

 

“Sənəd iki ölkənin mülki aviasiya sahəsində müxtəlif istiqamətlərdə bir-birinin imkanlarından yararlanmasını, bilik və texnologiya paylaşımını nəzərdə tutur ki, bu da gələcəkdə əməkdaşlığın daha dərin və çoxşaxəli olmasına zəmin yaradır. Bu əməkdaşlıq Azərbaycan üçün iqtisadi baxımdan mühüm üstünlüklər vəd edir. Xüsusilə, yük və sərnişin daşımalarının həcminin artması ölkənin tranzit imkanlarını genişləndirərək gəlirləri yüksəldə bilər. Turizm sektoruna töhfə verməsi isə xidmət və qonaqpərvərlik sahələrində əlavə iqtisadi canlanma yarada bilər. Texnoloji baxımdan Çin kimi sürətlə inkişaf edən bir ölkə ilə əməkdaşlıq Azərbaycanın aviasiya infrastrukturunun müasirləşdirilməsinə, yüksək texnoloji həllərin tətbiqinə, hava hərəkətinin idarə olunmasında yeni sistemlərin qurulmasına imkan verəcək. Eyni zamanda, azərbaycanlı mütəxəssislərin Çin təcrübəsindən faydalanması kadr potensialının gücləndirilməsi baxımından əhəmiyyətli olacaq”.

 

Ekspert qeyd edib ki, Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq aviasiya reytinqinə də müsbət təsir göstərə bilər:

 

“Uçuş təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qəbul edilən standartların yüksəlməsi, beynəlxalq auditlərdə Azərbaycanın daha yaxşı nəticələr göstərməsinə, ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi təşkilatların qiymətləndirmələrində mövqeyinin möhkəmlənməsinə şərait yarada bilər. Aviasiya xidmətlərinin keyfiyyətinin artması isə Azərbaycanın aviadaşıyıcılarının və hava limanlarının beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək. Eyni zamanda, yük daşımalarında tranzit potensialının artması Azərbaycanın regionda strateji hava nəqliyyatı mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək və ölkənin aviasiya sahəsində beynəlxalq imicinə əlavə dəyər qatacaq. Nəticə olaraq, Azərbaycan ilə Çin arasında mülki aviasiya sahəsində imzalanan əməkdaşlıq sənədi, yalnız texniki, peşəkar sahələrdə deyil, həm də iqtisadi və beynəlxalq imic baxımından ölkə üçün ciddi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın hava nəqliyyatı şəbəkəsini genişləndirməyə, tranzit imkanlarını artırmağa, texnoloji inkişafı sürətləndirməyə və beynəlxalq aviasiya standartlarına daha yüksək səviyyədə uyğunlaşmağa imkan verəcək. Eyni zamanda, belə bir addım Azərbaycanın aviasiya sahəsində daha rəqabət qabiliyyətli mövqeyini təmin etməklə, ölkənin qlobal səviyyədə nüfuzuna müsbət təsir göstərə bilər”.

 

Nuray Əliyeva