Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-dən çox artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:51 11.07.2025

Bu ilin I yarısında Azərbaycanda vergi daxilolmalarının 6 milyard 421,6 milyon manatı və yaxud 73,8%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3%, proqnozdan isə 3,6% çoxdur. Xatırladaq ki, yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8 milyard 703,7 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 5,1%, proqnozdan isə 5,7% çoxdur.

 

Bu məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, ilin ilk aylarını iqtisadi artım nöqteyi-nəzərindən zəif başlamağımız bu narahatlıqları daha da artırıb:

 

"Bu ilin birinci yarısının iqtisadi yekunları deməyə əsas verir ki, ölkə iqtisadiyyatında müsbət tendensiyalar qalmaqda davam edir. Zəif də olsa, Ümumi Daxili Məhsulun (ÜDM) artım meyllərinin müşahidə olunması, o cümlədən dövlət büdcəsinin gəlirlərinin yüksək səviyyədə icra edilməsi göstərir ki, iqtisadiyyatda az da olsa dayanıqlılıq mövcuddur və hələ də qorunub saxlanılır. İlin əvvəlində neftin dünya bazar qiymətlərinin kəskin şəkildə enməyə başlaması ilə bağlı müəyyən narahatlıqlar yarandı. İlin ilk aylarını iqtisadi artım nöqteyi-nəzərindən zəif başlamağımız bu narahatlıqları daha da artırıb. Bu il üçün nəzərdə tutulan iqtisadi proqnozları tam şəkildə yerinə yetirmək mümkün olmayacaq.

 

Xüsusilə neftin dünya bazar qiymətlərinin gözləniləndən daha yüksək olması nəticəsində dövlət büdcəsinin icrasında və ölkənin valyuta gəlirlərinin əldə olunmasında makroiqtisadi sabitliyi poza biləcək hər hansı bir mənfi hal baş verməyib. Ən müsbət məqamlardan biri isə qeyri-neft sektorunda artımın qeydə alınmasıdır. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının 9,3% artması, ümumilikdə iqtisadi dayanıqlığın qorunmasında mühüm rol oynamışdır. İlin birinci yarısında büdcəyə vergi ödənişləri həm şaquli, həm də üfüqi istiqamətdə genişlənmişdir. Statistikalara əsasən, ölkədə yeni qeydiyyata alınan vergi ödəyicilərinin də sayı artıb.

 

Bütün bu müsbət tendensiyaların qorunub saxlanılması vacibdir. Azərbaycan iqtisadiyyatı əsasən enerji resurslarının ixrac qiymətlərindən asılıdır. Belə ki, ölkənin ixracının 90%-ni neft və qaz məhsulları təşkil edir. Bu isə o deməkdir ki, dövlət gəlirləri də bu sahədən asılıdır. Lakin bu, ölkə iqtisadiyyatı üçün riskli vəziyyətdir. Qeyri-neft-qaz sektorunun ilin birinci yarısında göstərdiyi nəticələr möhkəmləndirilməlidir. Biz büdcə gəlirlərində qeyri-neft-qaz sektorundan daxilolmaların artımının davamlılığını təmin etməyə çalışmalıyıq. Bunun üçün yeni istehsal sahələrinin, müəssisələrinin yaradılmasına və mövcud potensialın genişləndirilməsinə daim diqqət yetirilməlidir".

 

Xədicə Məhərrəmli