“OPEC+”un payı dünya neft bazarında 2050-ci ilə qədər 52%-ə çatacaq

Tarix: 21:53 11.07.2025
Dünya neft və digər maye karbohidrogenlərin təklifi 2050-ci ilə qədər 2024-cü illə müqayisədə gündəlik 20,6 milyon barel artaraq sutkada 123 milyon barel təşkil edəcək. Bildirilib ki, 2040-cı ildən etibarən bütün tədarüklərin yarısından çoxu “OPEC+” ölkələrinin payına düşəcək. 2035-ci ilə qədər bu ölkələrdən təklif gündəlik 59,8 milyon barel olacaq, bundan sonra azalmağa başlayacaq və 2050-ci ilə qədər gündəlik 58,9 milyon barel təşkil edəcək.
Bu məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, enerji təhlükəsizliyinin bütün alətlərinin inkişafı uzunmüddətli investisiyaların hesabına baş verməlidir:
"OPEC qlobal neft tələbi ilə bağlı müsbət xəbərlərlə uzunmüddətli perspektivləri açıqladı və 2050-ci ilə qədər gündəlik neft tələbinin minimum 123, maksimum 130 milyon barelə kimi artacağı proqnozunu bəyan etdi.
Ümumilikdə, OPEC qlobal neft tələbinin 2050-ci ilə qədər artmaqda davam edəcəyini və qlobal neft tələbinin 2024–2050-ci illər arasında gündəlik 19 milyon bareldən çox artaraq, təxminən 123 milyon barelə çatacağını gözləyir. Hindistan, Asiya dövlətləri, Yaxın Şərq və Afrika uzunmüddətli neft tələbi artımının əsas mənbələri olacağı gözlənilir. Bu dörd regionda ümumi tələbatın 2024–2050-ci illər arasında gündə 22,4 milyon barel artacağı gözlənilir. Təbii ki, qlobal neft tələbində baş verəcək artım, enerji təhlükəsizliyinin digər alətlərinin də inkişaf və genişləndirilməsinə təkan verəcək. O cümlədən emal güclərinin artırılmasına, terminalların genişləndirilməsinə, yeni nəql güclərinin formalaşdırılmasına təkan verəcək.
Enerji təhlükəsizliyinin bütün alətlərinin inkişafı uzunmüddətli investisiyaların hesabına baş verməlidir. Bu baxımdan hökumətlər enerji təhlükəsizliyi ilə bağlı artan tədarük diversifikasiyasına və beynəlxalq əməkdaşlığa üstünlük verməlidir. Bu xüsusda artan qlobal neft tələbinin qarşılanmasında və qlobal neft bazarlarının sabitləşdirilməsində OPEC+ alyansının rolu daha da artacaq. Nədən ki, həm təsdiq edilmiş çıxarıla bilən neft ehtiyatları, həm də ehtiyat hasilat gücləri OPEC+ alyansının sərəncamındadır. Qlobal enerji keçidi, iddialı iqlim hədəfləri, avtomobil parklarının daxili yanma mühərriklərindən elektrik batareyalarına transformasiyası neft istehlakına təsirsiz ötüşməyəcək. Lakin bu əvəzlənmə qarşıdakı illərdə neft-kimya məhsullarına olan artan tələbatla əvəzlənəcək".
Xədicə Məhərrəmli