ABŞ-nin xüsusi elçisi Kit Kelloq Kiyevdədir

Tarix: 16:58 14.07.2025
ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq Ukraynaya səfər edib. Onun bu səfəri çərçivəsində bir həftə ərzində Kiyevdə qalacağı gözlənilir. Səfərin əsas məqsədinin bölgədəki təhlükəsizlik və diplomatik proseslərlə bağlı danışıqlar olduğu bildirilir.
Bu mövzu ilə bağlı açıqlamasında politoloq Əziz Əlibəyli "İnformator.az"a bildirib ki, əslində, Kelloqun səfəri Ukrayna-Amerika münasibətlərini gücləndirməyə hesablanmış bir səfərdir:
"Çünki Rusiya ilə Amerika dil tapa bilmədikcə, artıq Amerika-Ukrayna münasibətləri yeni bir mərhələyə keçmiş olur.
Fikir verirsinizsə, burada birinci gündəlikdəki məsələ təhlükəsizlik zəmanətlərinin müzakirəsi idi. Kelloq, ümumiyyətlə, Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün ABŞ ilə yeni və sıx koordinasiyaya getməyin vacibliyini vurğulayır.
ABŞ isə Ukraynaya hərbi və iqtisadi yardım dəstəyini artıracaq. Söhbət uzunmüddətli təhlükəsizlik öhdəliyindən gedir. Münasibətlərin bu mərhələsində Ukraynanın ABŞ-yə borcu var və bu məsələ də nadir metallar məsələsi ilə əlaqədar olaraq həllini tapmış kimi görünür.
Amerikanın indiki hakimiyyəti ilə Ukrayna arasındakı gərginliyin aradan qalxması yönündə bir müsbət baxış formalaşır və bu, yeni sazişlərə hazırlığın göstəricisidir. Görünür ki, xüsusi bir təhlükəsizlik sazişi imzalanacaq.
Həmçinin Ukraynanın yenidən qurulması məsələsi gündəmdədir. Bu, Rusiya ilə bağlı diplomatik proseslərdə hansı yeniliklərə yol aça bilər? Hələ ki, Rusiya ilə bağlı yeniliklər, o cümlədən atəşkəs təklifləri gündəmdədir.
ABŞ-Rusiya danışıqlarına təsir edən müxtəlif görüşlər, o cümlədən Ər-Riyad görüşləri var. Amma bu görüşlər belə təsir edəcək ki, radikal qərarların qəbul olunması fonunda Ukrayna İstanbul görüşlərinin artıq uğursuzluğa düçar olduğunu qeyd edib.
Görünür ki, Ukrayna və ABŞ yaxın zamanda yeni bir mərkəzdə danışıq təşəbbüsünə getmək məcburiyyətində qalacaqlar.
ABŞ-nin bölgədəki rolu necə dəyişəcək? Yeri gəlmişkən, Birləşmiş Ştatların bölgədəki roluna dair bir qədər fərqli baxışlar mövcuddur.
Bu baxışlar çərçivəsində biz deyə bilərik ki, Avropada Amerikanın vasitəçiliyi məsələsi artıq strateji qiymətləndirməyə çevrilib. Avropa bir daha ABŞ-dən asılı vəziyyətdə olduğunu indi daha aydın şəkildə anlayır və daha çox dəstək istəməyə başlayır.
Belə görünür ki, ABŞ öz silahlarını bir qədər fərqli formada – Almaniya və digər müvəkkil ölkələr üzərindən Avropaya ötürmək prosesinə keçid edəcək".
Xəlilli Nigar