Rusiya-Ukrayna müharibəsində gərginlik və resurs böhranı

Tarix: 18:21 14.07.2025
Rusiya Qərbi Ukraynanın müxtəlif bölgələrinə dronlar və raketlərlə hücum edib. Hücum nəticəsində iki nəfər həyatını itirib, daha çox sayda isə yaralananlar var.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi hər iki tərəfi yorub, resurslar tükənməkdədir və raket, dron zərbələri davam edir:
"Azərbaycan-İrəvan müharibəsində isə 1994-cü ildə atəşkəs razılaşmasından sonra 26 il müddətində atəşkəs hökm sürüb. Amma bu müddət ərzində, hətta hər həftə sərhəddə atışmalar baş verib. Rusiya-Ukrayna müharibəsində isə artıq bu mərhələ keçilib, atəşkəs praktiki olaraq tükənib. Hər iki tərəf öz resurslarını maksimum səviyyədə istifadə edir. Rusiya maksimum hücum potensialını ortaya qoyub, Ukrayna isə maksimum müdafiə potensialını nümayiş etdirir. Hər iki tərəf dayanmadan bir-birinə zərbələr endirir. Rusiya Çin, Şimali Koreya və İrandan dəstək alır, dron və raket zərbələri həyata keçirir, həmçinin canlı qüvvə ilə hücum edir. Ukrayna isə Avropa və Amerikadan dəstək alaraq müdafiə olunur və əks-hücuma keçir. Tərəflərin dəstəklərini nəzərə alsaq, Rusiyanın mövqeyi daha üstün görünür, çünki cəbhədə hücum edir, az da olsa, ərazi ələ keçirir. Bundan başqa, Rusiyanın öz istehsalı var, Ukraynada isə belə imkanlar məhduddur.
Rusiya ucuz qüvvə dəstəyi üçün İrandan, Şimali Koreyadan kömək alır. Ukrayna isə daha çox qərbin, xüsusən Amerika və Avropanın dəstəyindən asılıdır və bu dəstəyin həcmi və sürəti Ukraynanın mübarizəsinə təsir göstərir. Ukraynanın vəziyyəti daha çətindir, amma müharibə davam etdikcə hər iki tərəf tükənməyə davam edəcək. Ukrayna istehsalını artırıb silah təminatını gücləndirə bilsə, vəziyyətində müəyyən yaxşılaşma ola bilər, lakin ümumilikdə hər iki tərəf resurs çatışmazlığı ilə üzləşir".
Gülhüseynova Güllər