Mark Rutte Vaşinqtona Gedir: Ukrayna Mövzusu Öndədir

Bölmə: Siyasət › ,
Tarix: 18:22 14.07.2025

NATO-nun baş katibi Mark Rutte iyulun 14-15-də Vaşinqtona səfər edəcək. Səfər çərçivəsində o, ABŞ Prezidenti Donald Tramp, Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Hegsethlə görüşlər keçirəcək. ABŞ Prezidenti Tramp yaxın zamanda NATO vasitəsilə Ukraynaya silah göndərilməsi ilə bağlı “önəmli açıqlama” verəcəyini bildirib.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, NATO-nun baş katibinin Vaşinqtona səfəri çərçivəsində Ukrayna - Rusiya mövzusunda əsasən Ukraynaya silah tədarükünün müzakirə olunması, razılaşmalar əldə olunması gözlənilir:

 

"Bu müharibənin Avropa və Amerikanı daha da yaxınlaşdıracağını görürük. Habelə NATO-ABŞ arsında yeni əlaqələrin inkişafı qaçılmazdır. Böyük ehtimalla Rusiyanın dünyanı nüvə müharibəsinə çəkməsi fonunda bunun baş verməməsi üçün alternativ tədbirlər görülür. Bir neçə gün əvvəl Fransa və Böyük Britaniya arasında nüvə anlaşmasının imzalanması da bu qəbildəndir. Demək olar ki, NATO-nun müharibəyə qoşulmasına yaxınlaşırıq. Hesab edirəm ki, müharibə davam etdiyi, əhatə dairəsini artırdığı, kənar dövlətlərin prosesə qoşulduğu təqdirdə ola bilsin bu qaçılmaz olacaq. Lakin hələlik NATO-nun vasitəsi ilə ABŞ-nin Ukraynaya silah göndərmək kimi missiyalarla prosesə giriş verilir. ABŞ prezidenti Donald Trampın Ukrayna siyasəti barədə mövqeyini dəyişməsi labüd reallıqların tələbi kimi qiymətləndirilməlidir. Hakimiyyətə gəlməmiş dövlətin Rusiya ilə bağlı dərin planlarına girişi yox idi. Ona görə də hakimiyyətə gələn kimi tezliklə müharibəni bitirəcəyini deyib. Hətta hakimiyyətə gəldikdən sonra da müəyyən cəhdlər, Rusiyaya jestlər edib, Ukrayna prezidentinə qarşı sərt davranıb. Lakin gedişat əsasında həm fərqli reallıqlarla üzləşdi və ən əsası da dövlətin ideoloji institutlarının, dərin dövlətin planlarından kənara çıxa bilməyəcəyini anlayıb, daha doğrusu bununla razılaşıb. Hələ ki, sabiq prezidentin təsdiqlədiyi silahları göndərəcək. Ancaq çox da uzun vaxt keçmədən daha ağır silahların da verilməsinə nail olacaq".

 

Ekspert həmçinin bunu da bildirib ki, məqsəd Ukraynanın üstünlük əldə etməsi və Rusiyanı atəşkəsə yaxud müharibəni dayandırmağa məcbur etməkdir:

 

"Bu cür davam edən prosesləri analiz etdikdə savaşın hələ uzanacağı görünür. Maraqlı tərəflərin çoxalması, tərəflərin müttəfiqlərinin də tədricən birbaşa müharibəyə qoşulmağa yaxınlaşması sonda Rusiyanın tənəzzülünə gətirib çıxaracaq. Artıq bu zaman hansısa razılaşma əldə oluna bilər. Unutmaq olmaz ki, bu müharibə təkcə Ukraynanın müharibəsi deyil. ABŞ-nin NATO vasitəsilə Ukraynaya silah verməsi Ukraynanın üstünlüyünü təmin edə bilər. Analizlər göstərir ki, həlledici nəticə olmasa nüvə silahından istifadə edilə bilər. Rusiyanın əsasən Avropa ölkələrini hədəfə alacağı səbəbi ilə ABŞ-lə NATO-nun arasında da müştərək ehtiyyat və cavab tədbirləri haqda danışıqlar artıq başlamış sayılır. Böyük imperiya niyyətlərində olan Rusiya kimi nüvə silahı olan dövlətin məğlub şəkildə müharibədən ayrılmağı həzm edə bilməyərək nüvə silahına əl atacağı böyük ehtimalla mümkün ola bilər. Buna qarşılıq olaraq da NATO-nun və ABŞ-nin arasında müvafiq tədbirlər planı hazırlanır".

 

Gülhüseynova Güllər