Türkiyə və Umman enerji sahəsində anlaşma imzalanıb

Bölmə: Dünya › ,
Tarix: 17:00 14.07.2025

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar sosial media platforması X hesabından verdiyi açıqlamada, Ummanın paytaxtı Müsqata etdikləri işgüzar səfər çərçivəsində Umman Enerji və Mədənlər naziri Salim Nasser Al Aufi ilə iki ölkə arasında enerji potensialını gücləndirəcək görüş keçirdiklərini bildirib.


Bayraktar görüşdən sonra Türkiyə və Umman arasında enerjidə konkret əməkdaşlıqların yolunu açacaq Anlaşma Memorandumu imzaladıqlarını qeyd edərək belə deyib:


“Bu anlaşma ilə neft və təbii qazın kəşfiyyatından daşınması və emalına qədər olan mərhələlərdə birgə işlər aparmağı hədəfləyirik. Eyni zamanda elektrik, bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen texnologiyaları kimi sahələrdə texniki bilik mübadiləsi və birgə layihələrin həyata keçirilməsi də anlaşmamızın əsas maddələri arasındadır. Mövcud əməkdaşlıqlarımızı müxtəlif sahələrdə də inkişaf etdirəcək bu anlaşmanın yaxın gələcəkdə konkret layihələrlə dərinləşməsini və hər iki ölkə üçün ortaq qazanc gətirməsini arzulayıram.”


Nazir Bayraktar, Umman İnvestisiya İdarəsinin sədri Abdulsalam bin Mohammed Al Murshidi ilə də görüşdüklərini, bu görüşdə neftdən təbii qaza, bərpa olunan enerjidən elektrik infrastrukturuna qədər bir çox sahədə qarşılıqlı və üçüncü ölkələrdə mümkün investisiya imkanlarının müzakirə edildiyini qeyd edib.


Üçtərəfli anlaşma imzalanıb


Nazir Bayraktarın Umman səfəri ilə bağlı Nazirlik tərəfindən verilən açıqlamaya görə, səfər zamanı Türkiyə Petrolleri Anonim Ortaklığı (TPAO), Ummanın yüksək səviyyəli neft və qaz axtarış-çıxarış sektorunda varlığını genişləndirməyə yönəlik önəmli bir addım atıb.


TPAO, Umman Sultanlığı Enerji və Mədənlər Nazirliyi (MEM) və OQ Exploration and Production New Ventures L.L.C. (OQEP) ilə üçtərəfli anlaşma imzalayıb.


Bu anlaşma çərçivəsində TPAO-ya, MEM və OQEP ilə birlikdə müəyyən sahələri dəyərləndirmək və araşdırmaq üçün 3 aylıq xüsusi hüquq tanınıb.


Bundan əlavə, TPAO ilə OQEP arasında yeni imkanları qiymətləndirmək məqsədilə əməkdaşlıq anlaşması da imzalanıb.


TRT Haber
Xəlilli Nigar