Lavrov Kim Çen İndən üzr istəyib

Tarix: 21:02 14.07.2025
Rusiya xarici işlər naziri Şimali Koreyaya səfəri zamanı Kim Çen İndən üzr istəməyə məcbur olub. Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Kim Çen İn Sergey Lavrovu danlayıb. Bildirib ki, Rusiya Şimali Koreyaya çoxlu turist göndərməli idi, lakin hələlik belə bir şey olmayıb. Lavrov da cavab verib ki, bu istiqamətdə iş gedir, hazırda Krımı və Rusiyanın hazırda çətin günlər keçirən digər kurortlarını da xilas etmək lazımdır. Kim bu istiqamətdə operativ addım gözlədiyini bildirib və KXDR-in turizm potensialını qiymətləndirməyi istəyib”, – məlumatda qeyd olunub. Bildirilib ki, Lavrov Kim Çen İnin Rusiyaya münasibətinin pisləşəcəyindən və söhbətin Putinə çatacağından narahat olub və üzr istəməyə məcbur olub. Kim Çen İn də Lavrovun üzrxahlığını qəbul edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Kim Çen İn özünəməxsus xarakterə malik siyasətçidir:
“Lavrovla Kim Çen İn arasında həqiqətən də bir görüş baş tutub və bu görüş ətrafında hazırda müxtəlif şayiələr dolaşır. Bəzi mənbələr bu məsələni olduqca şişirdirlər. Amma əsas məqam ondan ibarətdir ki, bu iki ölkə – Rusiya və Şimali Koreya arasında strateji tərəfdaşlıq, hətta müttəfiqlik münasibətləri mövcuddur. Lavrovun Kim Çen İnlə görüşündə ilk növbədə ABŞ-nin siyasəti müzakirə olunub və onlar razılaşıblar ki, Amerikanın təzyiqlərinə qarşı birgə müqavimət göstərsinlər. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, ABŞ hazırda Okeaniya və Uzaq Şərq bölgələrində fəallaşır. Bu səbəbdən həm Moskva, həm də Pxenyan bu məsələni diqqətlə izlədiklərini bəyan ediblər.
Turizm məsələsinə gəldikdə isə, Lavrov bu sahədə Rusiyanın öz mövqeyini bildirib. O qeyd edib ki, turizm dövlət büdcəsinə real gəlir gətirən mühüm bir sektordur və Rusiya uzun zamandır Şimali Koreyada turizmin inkişafına dəstək verməyi planlaşdırır. Son bir ildə təxminən 700 nəfər Rusiyadan Çinə, xüsusən də Vladivostok, Xabarovsk və digər Primorsk vilayətlərindən turist səfərləri həyata keçirib. Bu, əsasən həmin bölgələrdə yaşayan insanların hesabına formalaşan turist qruplarıdır. Kim Çen İn isə özünəməxsus xarakterə malik siyasətçidir. Bildiyiniz kimi, Şimali Koreyada ona bir növ ilahi lider kimi yanaşılır. Lavrovun ondan üzr istəməsi ehtimalı da istisna deyil. Diplomatiyada qarşı tərəfin şəxsi xüsusiyyətlərini, temperamentini, zəif və güclü cəhətlərini əvvəlcədən öyrənmək adi bir yanaşmadır. Bu baxımdan, Lavrov ehtiyac duymuş ola bilər ki, müəyyən jest etsin.
Rusiya bu istiqamətdə dəstək göstərməkdə maraqlıdır. Rusiyada sosial cəhətdən təmin olunmuş və maddi imkanlara malik insanlar turizmə üstünlük verirlər. Bu səbəbdən ruslar əvvəllər Türkiyəyə, Adriatik dənizi sahillərinə, o cümlədən Monteneqroya çoxsaylı səfərlər edirdilər. İndi isə müharibə səbəbindən turizm sahəsində müəyyən geriləmələr yaşanır. Amma əgər Şimali Koreya bu sahədə narazılığını rəsmi şəkildə bildirərsə, Rusiya bunu nəzərə almağa və tədbir görməyə çalışacaq. Uzaq Şərq bölgəsində yaşayan imkanlı ruslar üçün turizm hər zaman maraqlı sahə olub. Lakin rus turistlər əsasən isti Cənub dənizlərinə üstünlük verirlər. Şimali Koreyada hava şəraitinin sərtliyi, dəniz suyunun soyuqluğu müəyyən qədər turistləri çəkindirə bilər. Amma bu, xidmət səviyyəsinin yüksəldilməsi ilə kompensasiya oluna bilər.
Sonda onu da qeyd edim ki, Rusiya ordusunun ön cəbhəsində artıq koreyalı döyüşçülərin də iştirakı müşahidə olunur. Bu, Şimali Koreyanın Rusiyaya dəstək göstərmək qərarını təsdiqləyir. Əgər Qərb Ukraynaya silah və maddi yardım edirsə, Koreya Xalq Demokratik Respublikası da Rusiyaya öz hərbi və mənəvi dəstəyini verir".
Qəmər Kazımzadə