Müdaxilə imkanı azalacaq

Tarix: 20:13 14.07.2025
Əgər Ermənistan ikitərəfli gündəlik əsasında əsaslı addımlar atsa, qeyri-regional iştirakçıların müdaxilə imkanı azalmış olacaq. Ermənistanla sülh müqaviləsinin bağlanması, Zəngəzur dəhlizinin açılması perspektivi reallaşmalıdır. Əks halda, münaqişəli gündəm regionda qalacaq və gələcəkdə nə vaxtsa yeni münaqişəyə səbəb ola bilər. Bunu da Ermənistan tərəfi anlayıb. Görünən odur ki, bütün qeyri-regional iştirakçılar Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünü ümidverici adlandırır, nəticələr şifahi də olsa, dəstəklənib. Amma burada hər bir tərəf – Rusiya, ABŞ, Avropa – öz maraqlarını təmin etmək niyyətindədir.İki ölkənin mövqeyi üst-üstə düşür, xüsusilə Rusiya ilə bağlı. Hər iki tərəf Rusiyanın təsirini regionda azaltmaq istəyib. Burada da onların fikirləri üst-üstə düşüb. Bu vəziyyətdən istifadə etmək lazımdır. Hazırda bunun üçün bütün imkanlar var.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, əgər Ermənistan, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra çağırışlarımıza sağlam reaksiya vermiş olsaydı, sülh həmin zaman əldə olunardı:
"Biz sülhün əldə olunması üçün beynəlxalq hüquq normaları ilə uzlaşan şərtlər irəli sürdük. Bizim irəli sürdüyümüz şərtlər bütövlükdə regionun təhlükəsizliyi üçün olduqca əlverişli idi. Azərbaycan həmin dövrdə nümayiş etdirdi ki, Cənubi Qafqaz regionunda sülhün əldə olunmasında maraqlıdır. Regiondan kənar dövlətlər də bu sülhün imzalanmasında maraqlı olublar. Bu gün sərgilənən mövqelər keçmişdəkiləri yadımızdan çıxarmamalıdır. ABŞ Konqresində Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış olunaraq qərəzli müzakirələrin aparıldığını yaxşı xatırlayırıq. Azərbaycan lideri kifayət qədər uzaqgörən və müdrik insandır. O, Cənubi Qafqaz regionunda sülhün tənzimlənməsini hamıdan yaxşı bilib. Azərbaycanın əsas məharətlərindən biri də təkcə ölkəmizi deyil, bütün regionu geosiyasi qarşıdurma mühitindən qorumaqdır. Əbu-Dabidəki görüş bir daha sübut etdi ki, ölkəmiz sülh məsələsinə çox ciddi yanaşıb. Azərbaycanın iradəsi nəticəyə gəlməyə imkan verəcəkdir. Ermənistana isə sona qədər etibar etmək lazım deyil. Çünki Ermənistanda hələ də Azərbaycanın torpaqlarına qarşı ərazi iddiaları edilib. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Ermənistan son dövrlərdə sürətlə silahlanmağa başlayıb. Bu prosesdə Fransanın, Hindistanın, Avropa İttifaqının "əli" vardır. Prosesi irəli aparan güc Azərbaycanın gücüdür".
Aygün Babayeva