“15 İyul Demokratiya və Milli Birlik Qatarı” Ankaradan yola düşüb

Tarix: 22:20 14.07.2025
“15 İyul Demokratiya və Milli Birlik Qatarı” bu gün saat 10:55-də Ankaradan yola salınıb. İki ay fəaliyyət göstərəcək qatarın ilk səfəri nəqliyyat naziri Abdulkadir Uraloğlunun iştirakı ilə Ankaradan başlayıb. Ankara Dəmir Yolu Vağzalında keçirilən vida mərasimində çıxış edən nazir bildirib ki, qatar “Zəfərin adı Türkiyədir” mövzusu ilə ilk səfərini Ankara–İstanbul xətti üzrə həyata keçirəcək.
Uraloğlu çıxışında 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd gecəsinin Türkiyə tarixinin ən qaranlıq səhifələrindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, xain FETÖ üzvləri ölkənin iradəsinə, müstəqilliyinə və gələcəyinə hücum ediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra milyonlarla insan küçələrə axışaraq “Ya müstəqillik, ya ölüm” deyə səsləndi və dövlətçiliyə sahib çıxdı.
Nazir qeyd edib ki, o gecə TÜRKSAT-da Ahmet Özsoy və Əli Qarslı silahlı müdaxiləyə qarşı duraraq, verilişlərin kəsilməsinin qarşısını aldılar və prezidentin mesajı xalqa çatdırıldı. Uraloğlu həmçinin vurğulayıb ki, Prezident Ərdoğanın rəhbərliyi ilə xalqın inancı və əzmi xain planları alt-üst etdi.
Qatar, Prezident Administrasiyası Kommunikasiya İdarəsi və Türkiyə Dövlət Dəmir Yolları tərəfindən hazırlanıb və Ankara–İstanbul, Ankara–Konya, Ankara–Eskişehir, Konya–İstanbul, Əskişəhər–İstanbul, Ankara–Karaman və Ankara–Sivas xəttlərində hərəkət edəcək. 68 gün ərzində 90 min kilometrdən çox yol qət edəcək qatar 100 minə yaxın sərnişin daşıyacaq. Nazir bildirib ki, bu qatar təkcə nəqliyyat vasitəsi deyil, eyni zamanda birlik, vətənpərvərlik və milli iradə simvoludur.
Yolboyu müxtəlif stansiyalarda 15 iyul gecəsinin qəhrəmanlığını əks etdirən videoçarxlar nümayiş olunacaq, plakatlar asılacaq. Bu, gələcək nəsillərə ötürüləcək tarixi dərslərin bir hissəsi olacaq.
Vida mərasimində TCDD Nəqliyyat baş direktoru Ufuk Yalçın və AK Partiya sədr müavini Ömər İleri də çıxış ediblər. Nazir Uraloğlu çıxışını şəhidlərə rəhmət, qazilərə sağlıq diləkləri və “Zəfərin adı Türkiyədir!” mesajı ilə başa vurub.
Mənbə: TRT Xəbər
Türkan Kərimli