Ukrayna nəzarətdən çıxır-Bennon

Tarix: 21:11 16.07.2025
Ukraynadakı münaqişə ABŞ-nin yeni qərarları və onların təhrik edə biləcəyi gərginliyin artması nəticəsində nəzarətdən çıxa bilər.Bunu D.Trampın keçmiş baş siyasi strateqi Stiv Bennon jurnalistlərə açıqlamasında deyib.
O, artıq hər şeyin nəzarətdən çıxmağa başladığını bildirib:"Biz düşünürük ki, nəzarətimiz var, lakin bizim onlara nəzarətimiz yoxdur. Kiyevin iyun ayında pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya aerodromlarına endirdiyi zərbələr bunu əyani şəkildə nümayiş etdirdi”.
Mövzu ilə bağlı hərbi ekspert Anar Şuşalı “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna münaqişəsinin gedişatı ilə bağlı Stiv Bennonun açıqlaması – xüsusilə “nəzarətdən çıxmaq” ifadəsi – son dövrlərdə Qərbin Ukraynaya verdiyi dəstəyin xarakteri və bu dəstəyin doğurduğu nəticələr fonunda mühüm bir siyasi xəbərdarlıqdır:
“ABŞ-nin Ukrayna siyasətindəki son qərarların münaqişənin nəzarətdən çıxmasına necə təsir etdiyini necə qiymətləndirmək olar? Son aylar ABŞ-nin Ukraynaya münasibətdə bir sıra sərt addımlar atdığı müşahidə olunur. Uzun mənzilli silahların verilməsi (ATACMS, F-16 təlimləri, HIMARS sistemləri və s.) Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün “şərti razılıq” verilməsi xüsusilə, sərhədə yaxın Rusiya hərbi obyektlərinə zərbələrin endirilməsi. Bu qərarlar, Ukraynanın Rusiyanın dərinliklərinə (məsələn, aerodromlar, radar sistemləri, sənaye infrastrukturu) PUA-larla zərbələr endirməsini mümkün edib. Bennonun dediyi kimi, bu qərarlar Rusiya ilə NATO arasında dolayısı ilə toqquşma xəttini yarır. Bu o deməkdir ki, ABŞ və NATO münaqişəyə daha dərindən cəlb olunur.
Nəticədə Rusiya da qarşılığında Qərb ölkələrinə yönələn hibrid təhdidlərini (kiber, siyasi, enerji vasitəsilə) artırır. Bu səbəbdən, ABŞ-nin Ukrayna siyasəti “səviyyələndirilmiş risk eskalasiyası” modelinə bənzəyir. Kiçik addımlar atılır, lakin bu addımlar ard-arda münaqişənin daha geniş miqyas almasına zəmin yaradır”.
Anar Şuşalı Kiyevin pilotsuz zərbələri bölgədə genişmiqyaslı eskalasiyayası haqqında qeyd edib :
“Bəli, bu ehtimal artıq realdır. Xüsusilə, Ukraynanın iyun ayında Tatarıstan, Rostov, Belqorod və hətta Moskva ətrafına PUA zərbələri göstərdi ki, Ukrayna, Rusiya ərazisində “dərin strateji obyektləri” hədəfə almaq imkanına malikdir. Bu, artıq yalnız müdafiə deyil, asimmetrik cavab və strateji qarşızərbə konsepsiyasıdır. Eskalasiya riski əsasən bu hallarda arta bilər. Rusiya yüksək səviyyəli mülki infrastruktura (nüvə, su, enerji) və ya NATO ölkələrinə yaxın ərazilərə qarşı cavab hücumları həyata keçirsə, Ukrayna NATO silahları ilə Rusiya ərazisinə daha dərindən zərbələr vurması ehtimalını yaradır. Qara dənizdə və ya Baltikdə Rusiya-Qərb hərbi insidentləri baş versə. Bununla belə, hər iki tərəf həm Rusiya, həm də Qərb münaqişənin birbaşa NATO-Rusiya qarşıdurmasına çevrilməməsi üçün müəyyən “qırmızı xətləri” qorumağa çalışır. Amma bu xətlərin pozulma riski artmaqdadır”.
Hərbi ekspert hazırkı mərhələdə Qərbin münaqişəyə nəzarət imkanları real, yoxsa artıq itirilmiş olması haqqında bildirib ki, hazırda münaqişəyə tam nəzarətdən danışmaq mümkün deyil:
“Əsas səbəblər Ukrayna getdikcə daha müstəqil hərbi qərarlar verir. Qərb ölkələri, xüsusilə ABŞ silah verərkən onlardan “istifadə qaydaları” ilə bağlı şərtlər irəli sürür. Amma Ukraynanın öz PUA texnologiyaları, əməliyyat planlaması və strateji məqsədləri artıq Qərbin nəzarətindən qismən çıxıb. Münaqişə çox səviyyəli və çox oyunçulu sistemə çevrilib. Dövlətlərdən əlavə muzdlu döyüşçülər, texnologiya şirkətləri, kiber qruplar, PUA istehsalçıları da aktiv rol oynayır. Belə mühitdə Qərb nə qədər siyasi koordinasiya etsə də, real sahədə tam nəzarət çətindir”.
Anar Şuşalı son olaraq açıqlamasında əlavə edib ki, Stiv Bennonun “nəzarətdən çıxırıq” xəbərdarlığı əsaslıdır:
“ABŞ-nin Ukraynaya dəstək siyasəti ilə risk səviyyəsi arasında tarazlıq pozulmağa başlayıb. Ukraynanın pilotsuz zərbələri və Rusiya ərazisinə təsiri münaqişəni daha geniş və nəzarətsiz hərbi-texnoloji müstəviyə çıxarır”.
Mahmudlu Ləman