Suriya ordusu geri çəkilməlidir -ABŞ

Tarix: 19:02 18.07.2025
Gərginliyin azalması üçün Suriya ordusu ölkənin cənubunda druzların yaşadığı bölgədən geri çəkilməlidir.Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib. Qeyd edək ki, daha öncə yayılan məlumatda Suriya ordusunun Süveydə bölgəsindən geri çəkildiyi bildirilib.
Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Suriyanın cənubunda duruzilərlə ərəblər arasında münaqişə yaratmaq Suriyanın sabitliyinə qarşı yönələn bir hadisədir:
“Nəticə etibarilə, əgər biz 15 ilə yaxın davam edən vətəndaş müharibəsində duruzilərlə Suriyanın digər xalqları arasında bir münaqişə görümürksə və bu, birdən-birə indi baş verirsə, deməli, bu, süni şəkildə yaradılan bir münaqişədir.Əslində, duruzilər elə ərəblərdir, ayrıca bir etnik qrup deyillər. Duruzilər yəhudiliyi və islamı ortaq əsaslarda mənimsəyən dini-fəlsəfi görüşə sahibdirlər. Ona görə də onlara “du-ruzi” deyirlər. “Du” – iki, “ruzi” – gün, həyat tərzi deməkdir. Yəni, həyatlarını hər iki dinin məntiqi əsasında quran ərəb icmasıdır”.
O həmçinin qeyd edib ki, onlardan ayrıca bir millət düzəldib ərəblərə qarşı qoymaq mənə elə gəlir ki, nəticə verməyəcək:
“Nəticə etibarilə, ABŞ-nin çağırışı artıq öz nəticəsini verməkdədir. Gərginlik yavaş-yavaş azalmaq üzrədir. Yetər ki, bu prosesdə həm Suriya mühafizə qurumları, həm də duruzi ağsaqqalları soyuqqanlı olsunlar. Mənə elə gəlir ki, artıq Süveydə bölgəsində Suriya Müdafiə Nazirliyinin qüvvələri geri çəkilir və ictimai-siyasi sabitliyin təmin olunması prosesi polis orqanlarına təhvil verilir.Bu, ümumilikdə irəliləyişə doğru atılan bir addımdır. Beynəlxalq vasitəçiliyə gəldikdə isə məncə, hər bir beynəlxalq vasitəçilik istər-istəməz bu münaqişənin daha da alovlanmasına xidmət edəcəkdir. Ona görə də yerli resurslar və yerli imkanlar hesabına münaqişənin qarşısı alınmalıdır ki, daha böyük miqyasa keçməsin”.
Ləman Mahmudlu