Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır

Bölmə: Siyasət › ,
Tarix: 17:05 21.07.2025

Çin milli şirkətlərin hüquqlarını qorumaq üçün Avropa İttifaqının 18-ci anti-Rusiya sanksiyalar paketinə qətiyyətli tədbirlərlə cavab verəcək.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Çin Avropa Birliyinin 18-ci sanksiya paketinə etiraz etməklə əslində Rusiyanı yox, məhz öz milli maraqlarını, iqtisadi-ticari mənafelərini müdafiə edir:

 

“Rəsmi Pekin üçün Rusiya o qədər də əhəmiyyətli dövlət deyil. Rəsmi Pekin birmənalı şəkildə Çinin maraqlarına yönəlik siyasət yürüdən mərkəzdir. Əgər Rusiyanın başına daha dəhşətli hadisə gələrsə, Rusiya dövlət olaraq çökərsə, bu Çini qətiyyən narahat etməz. Hətta müəyyən mənada Çin bundan məmnun da ola bilər. Çünki Çin öz sərhədlərində Rusiya kimi aqressiv və güclü olarkən nə törədəcəyi, hansı fəlakətlərə imza atacağı bəlli olmayan dövlətin mövcudluğunun marağında deyil.

 

Digər tərəfdən, rəsmi şəkildə bəyan olunmasa da, heç bir şübhə doğurmur ki, Çinin Rusiya ərazisində müəyyən iddiaları mövcuddur. İlk imkanda həmin iddiaları reallaşdırmağa çalışa bilər. Yəni hazırda Çinin mövqeyi qətiyyən Rusiyanı dəstəkləmək mənası daşımır. Rusiyanın düşdüyü vəziyyət rəsmi Pekini maraqlandırmır. Həmin Avropa Birliyinin sanksiyaları Çinin iqtisadi-ticari maraqlarına problem yaratdığına görə rəsmi Pekin buna etiraz edir. Lakin ümumi mənada Avropa Birliyi və Çin arasında münasibətlər kifayət qədər yüksəkdir. Avropa bazarı Çin üçün böyük əhəmiyyət daşıyır. Çin və Avropa Birliyi arasında hətta ABŞ-yə qarşı qeyri-rəsmi müttəfiqlik mövcuddur. Bu baxımdan məsələ Rusiya ilə bağlı deyil, Çinin iqtisadi maraqları ilə bağlıdır".

 

Çimnaz Telmanqızı