Trampın yeni strategiyası

Bölmə: Siyasət › ,
Tarix: 18:26 21.07.2025

“Moskva 50 gün ərzində atəşkəsə və ya Ukrayna ilə bağlı sazişə razı olmasa, ABŞ-nin rüsum və ikinci dərəcəli sanksiyaları ilə üzləşəcək”.Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.“Prezidentin aydın şəkildə bildirdiyi kimi, əgər 50 gün ərzində atəşkəs və ya sülh sazişi əldə edilməzsə, əgər Rusiya atəşkəsi hüquqi olaraq qəbul etməkdən imtina edərsə, çox yüksək tariflər, həmçinin ikinci dərəcəli sanksiyalarla üzləşəcək. Rusiyadan neft alan ölkələr də sanksiyalara məruz qalacaq. Və təbii ki, bu, Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq”, - o qeyd edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, əvvəlcə Trampın siyasətinə baxmaq lazımdır:

 

“Tramp bir ərazidə və regionda sülh istəyirsə, əvvəlcə o əraziyə, ölkələrə sülh şərtlərini irəli sürür. Bu İranla, Rusiya ilə bağlı olsun. O şərtlər qəbul olunmadıqda, sərt üzünü göstərməyə başlayır. Burada da 50 gün vaxt verib. Gəlin nəzər salaq: İrana necə etdi? Onlara da vaxt verdi. Verilən vaxt bitdiyi gün İrana qarşı əməliyyatlar başladı. İndi burada nəticə necə olacaq? Bu Rusiyanın çıxardığı nəticədən asılı olacaq. Əgər Kreml də anlasa ki, İranın aqibəti onları da gözləyir. Onda müsbət nəticələr əldə etmək olar. Amma burada İranı gözləyən aqibət dedikdə, İrana birbaşa hərbi əməliyyatlar edilib. Bu Rusiyaya birbaşa hərbi əməliyyatlar olacaq demək deyil. Trampın özünün də dediyi kimi Rusiyanı sanksiyalarla çökdürməyə çalışırlar. Çünki Rusiya iqtisadiyyatı neftdən asılıdır. Neft alan ölkələrdə sanksiya tətbiq olunsa, Rusiya iqtisadiyyatı çökəcək. Bu gün Rusiya iqtisadiyyatı ağır vəziyyətdədir. Bəzi iqtisadi sahələr sırf hərbi sahəyə xidmət edir. Amma neftin daha sərt şəkildə sanksiyalar altına alınması Rusiya iqtisadiyyatını tamamilə çökdürə bilər. Bu Rusiya üçün arzuolunan deyil. Ona görə də Kreml də bunu yaxşı anlayır. Təbii ki, Trampın səsləndirdiyi 50 gün müddəti Rusiya üçün sınaq olacaq. Onlar hansı addım atmalıdırlar. Bu gələcəkdə Tramp və Putin arasında müəyyən gərginliklərə də səbəb ola bilər”.

 

Ekspert qeyd edib ki, Trampın dəyişkən siyasəti var:

 

“Bir gün tərifləyir, bir gün həddən artıq tənqid edir. Tramp öz hədəfinə çatana kimi bütün mümkün variantlardan istifadə edir. Əgər istədikləri danışıqlarla mümkün olarsa, yenə Putin bizim dostumuz, Rusiya tərəfdaşımızdır deyəcək. Onlarla müsbət ticarət etməyə çalışacaq. Amma Trampın istəkləri nəzərə alınmazsa, o zaman tam tərsinə olacaq. Bütün bunlar Putinin verdiyi qərarlardan asılı olacaq. Bu baxımdan Tramp öz istəklərini tamamlasa,öz istəyinə nail olana kimi Rusiyanı sıxacaq. 50 gün ərzində əks qərar verilsə, o zaman sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalar əvvəlki sanksiyalardan tamamilə fərqlənəcək. Çin, Hindistan kifayət qədər neft alırlar. Yeni sanksiyalarda həmən ölkələr də neft ala bilməyəcək. Rusiyadan neft alan ölkələr sanksiyadan çəkindiyi üçün neft almayacaq. Bu Rusiya iqtisadiyyatına tamamilə maliyyə mənbəyindən kəsəcək. Buna görə də Tramp öz istədiyini yaxşı bilir. Qərar vermək isə Putinə qalıb”.


Nuray Əliyeva