Ərdoğan: "Yaxın vaxtda sülh masası yenidən Türkiyədə qurulacaq"

Tarix: 19:51 28.07.2025
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya-Ukrayna sülh danışıqları yaxın vaxtda yenidən Türkiyədə keçiriləcək. Türkiyə balanslı, sülh yönümlü siyasət aparıb. Taxıl dəhlizi və əsir mübadilələri bunun nəticəsidir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,Türkiyənin Rusiya–Ukrayna müharibəsində vasitəçi rolunu gücləndirən əsas amil, Türkiyənin NATO ölkəsi və NATO-nun əsas güclərindən biri olmasına baxmayaraq, müharibə başlayandan neytral mövqe sərgiləməsidir:
Türkiyə Rusiyaya qarşı formalaşdırılan ittifaqa qoşulmadı və burada öz mövqeyini ortaya qoyub. Həm Ukrayna, həm də Rusiya ilə paralel şəkildə öz əlaqələrini qurmağı bacarıb. Bu isə çox böyük diplomatik məharət tələb edirdi və burada həm Ərdoğanın, həm də komandasının çox böyük rolu oldu ki, bu prosesi müsbət yöndə irəlilədə bildilər. Bu gün də Türkiyənin bu məsələdə əsas vasitəçi kimi göstərilməsi məhz bu amillə bağlıdır: Türkiyə vaxtında düzgün addımlar ata bilib və tərəfsizliyini qoruya bilib. Digər tərəfdən, təkcə Türkiyə deyil, Avropada və digər ərazilərdə də neytral ölkələr var. Amma əgər sən vasitəçi olmaq istəyirsənsə – xüsusilə belə, dünya müharibəsi başlada biləcək bir münaqişəni bitirmək üçün – həm hərbi, həm də siyasi potensiala malik olmalısan. Türkiyə bu gün siyasi və diplomatik baxımdan çox böyük rol oynayır, eyni zamanda hərbi gücünü də günbəgün artırır. Həm dronları ilə, həm də ümumiyyətlə hərbi potensialını artırmaqla əsgəri gücü onsuz da yüksək səviyyədə idi. Lakin müdafiə sənayesini çox inkişaf etdirib. Bu da onun əlini gücləndirən amillərdəndir.
Həmçinin müsahib bildirib ki,ümumiyyətlə, Türkiyə bu vasitəçilik rolunu məharətlə idarə edib.
Həm taxıl dəhlizi, həm də əsirlərin dəyişdirilməsi məsələsində artıq Türkiyənin vasitəçiliyi ilə əldə olunan nailiyyətlər var idi. Bu baxımdan, Türkiyənin indiyədək vasitəçi olduğu məsələlərdə irəliləyişə nail ola bilməsi onun əlini gücləndirən amillərdəndir. Bu məsələdə əsirlərin və nəşlərin mübadiləsi də diqqətdə saxlanılır ki, Türkiyə artıq bu sahələrdə müəyyən diplomatik uğurlar əldə edib. Ona görə də Türkiyə növbəti dəfə danışıqlarda həlledici mərhələyə daxil olub. Çünki artıq Tramp da verdiyi 50 günlük müddəti qısaltdığını elan edib. Bu mərhələdə artıq Türkiyənin üzərinə böyük məsuliyyət düşür ki, bu vasitəçilik missiyasını öz öhdəsinə götürsün və müsbət nəticəyə nail ola bilsin.
Nigar Həsənzadə