“Fransa təkcə silahla yox, diplomatiya ilə də Ukraynanın yanındadır” -Zeynal Əmrəliyev

Bölmə: Siyasət › ,
Tarix: 21:19 28.07.2025

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 27-də fransalı həmkarı Emmanuel Makronla danışıb. Bu barədə Zelenski teleqram kanalında məlumat paylaşıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İyulun 23-də keçirilən görüşdə mühüm irəliləyişin şahidi olmadıq:

 

“Müəyyən qədər bəzi sahələrdə razılaşmanın əldə olunduğu barəsində məlumatlar var. İrəli doğru müəyyən qədər də olsa addımlar atılıb. Burada əsasən liderlərin görüşü məsələsi müzakirə edilir. Ukrayna tərəfi uzun müddətdir ki, bu məsələdə israr edir. Məlumata görə artıq Rusiya tərəfi də liderlərin görüşü məsələsinə razılıq verib. Ola bilsin ki, növbəti növbəti müddətdə Rusiya-Ukrayna Prezidentləri İstanbulda görüş keçirsinlər. Bu görüşdə nələr müzakirə olunacaq? Bütün bunları Zelenski hazırda müttəfiq ölkələrin dövlət başçıları ilə geniş şəkildə müzakirə edir. Məsələn, Fransa Prezidenti Emanuel Makronla Zelenskinin bu məsələləri müzakirə etməsinə şahid oluruq. Növbəti mərhələdə ola bilər ki, Zelenski digər Qərb liderləri ilə məsələn, ABŞ Prezidenti Donald Tramp ilə də bu məsələni geniş şəkildə müzakirə edə bilər. Bu telefon danışığında o nəticəyə gəlmək olur ki, Fransanın Ukrayna məsələsindəki mövqeyi çox yüksək səviyyədədir. Hazırkı situasiyada Fransanın Ukrayna münaqişəsindəki iştirakı tək silah verməklə deyil, həm də diplomatik müstəvidə Ukrayna-Rusiya danışıqlarında Fransanın təsiri var. Digər ölkələr də Fransaya silahla dəstək göstərirlər. Qərb ölkələrindən söhbət gedir. Bu ölkələr də danışıqlar prosesində öz mövqelərini ortaya qoyacaqlar. Liderlərin görüşü zamanı mühüm irəliləyişlər olacaq. O cümlədən, atəşkəs barəsindəki razılaşma əldə edilə bilər”.

 

Ekspert qeyd edib ki, Avropa nümayəndələrinin görüşdə iştirak edib- etməyəcəyi hələki müzakirə mövzusunda deyil:

 

“Ola bilər ki, birinci görüş geniş formatda keçirilsin. Burada müxtəlif ölkələrin dövlət başçıları iştirak etsinlər. Ancaq Türkiyədən verilən açıqlamalara görə onlar bir çox ölkənin prosesdə iştirak etməsini çox da istəmir. Çünki nəzərə alırlar ki, ölkələr bitərəf ölkə deyil. Bitərəf ölkə kimi yalnız Rusiyanın da Ukraynanında dəstəyi ilə Türkiyə prosesə qoşulub. Əgər Putin və Zelenski İstanbulda görüşəcəksə, həmin görüşdə yalnız Prezident Rəcəp Tayyib Ərdoğan iştirak edə bilər. Ukraynaya silah dəstəyi göstərən Qərb liderlərinin bu görüşdə iştirak etməsi, görüşün nəticəsiz başa çatmasına gətirib çıxara bilər”.


Nuray Əliyeva