Azərbaycanda Rusiya şəbəkəsi ifşa olunub-ŞƏRH

Tarix: 21:37 29.07.2025
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, bu məsələ son günlərdə çox müzakirə olunur:
"Əlbəttə, mən bütün bunları öz həyatımda baş verən hadisələrlə əlaqələndirirəm. 2019-cu ildə jurnalist Fuad Abbasovu (yəni məni) tutaraq, saxlanıldığım zaman işgəncə verib, döyərək həbsxanaya saldılar və Rusiyadan 50 illik deportasiya etdilər. Bu, eyni fəaliyyəti aparmaq istəyən azərbaycanlılara bir dərs vermək məqsədi daşıyırdı: "Baxın, Rusiyada yaşayıb Azərbaycan mövqeyini müdafiə edənlərin sonu belə olur." Hazırda eyni fəaliyyətin Mixail Qusmana qarşı aparıldığını hiss edirəm. Amma fərq ondadır ki, mən sıravi bir jurnalist olaraq Rusiya televiziya kanallarına çıxıb Azərbaycanın mövqeyini müdafiə edirdimsə, Mixail Qusman Rusiyanın öndə gedən dövlət xəbər agentliyinin direktor müavini kimi Azərbaycanın mövqeyini və milli maraqlarını müdafiə edirdi. Bu da, əlbəttə, Rusiyanın xoşuna gəlmir ki, yüksək səviyyəli dövlət məmuru belə bir fəaliyyət göstərir. Rusiyanın milli maraqları baxımından bu qərar onlara görə düzgün və məntiqli görünə bilər. Rusiyanın Mixail Qusmana qarşı verdiyi qərar digər intellektual azərbaycanlılara verilmiş bir dərs kimi dəyərləndirilə bilər. Bu, belə bir mesajdır: "Baxın, Rusiyada yaşayırsınız, burada maaş alırsınız, həyatınızı burda qurmusunuz, ancaq Rusiyaya müxalif mövqedə olan bir ölkənin maraqlarını müdafiə edə bilməzsiniz". Bu, bir təsir mexanizmidir. Bunu görən digər azərbaycanlılar Mixail Qusmana baxır, dərs çıxarırlar və nəticədə orada yaşayan azərbaycanlılar arasında susqunluq yaranır".
Politoloq əlavə edib ki, Azərbaycan tərəfinin haqlı olduğunu bütün dünya qəbul edib:
"Təyyarə qəzasından sonra nə üzr istənildi, nə təzminat ödənildi, nə də günahkarlar cəzalandırıldı. Bu səbəbdən Azərbaycan tərəfi təyyarə qəzasını əsas götürərək Rusiyadan haqlı tələblərini irəli sürür. Azərbaycanlıların Yekaterinburqda döyülməsi, öldürülməsi təyyarə qəzasından doğan narazılıqların davamıdır. İstər Prezident, istərsə də Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir. Rusiyaya öz yerini göstərmək lazımdır ki, gələcəkdə atacağı addımlarda bir qədər daha diqqətli olsun".
Billurə Quliyeva