“Turanın yolu Zəngəzurdan keçir”

Tarix: 21:45 29.07.2025
İran Zəngəzur dəhlizindən Böyük Turan planının bir hissəsi olduğuna inandığı üçün qorxur. Bu barədə “Past” qəzeti (Ermənistan) yazır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narazılığının ilk səbəbi Azərbaycanın inkişafına, iqtisadi və başqa əlaqələrinin genişlənməsinə mane olmaqdır:
“Digər tərəfdən də Türkiyə ilə əlaqələrinin maksimum qarşısını almaqdır. Bir qədər əvvəl isə Nikol Paşinyan bəyan edib ki, “Turan planı” onu qorxutmur, əksinə o bununla razıdır. Həmçinin Zəngəzur dəhlizi məsəlində Ermənistan dərk edir ki, Rusiya və İran onu bölgədə təcrid edərək öz məqsədləri üçün qurban verir, inkişafdan saxlayır, daimi sülhə imkan vermir. Güney Azərbaycan əhalisi ilə Azərbaycan Respublikasının yaxınlaşmasına maneələr düşünür. Əvvəlki Qarabağ münaqişəsini alovlandıran və həllinə maneələr yaradan dövlətlərdən biri də İran idi. Hətta Zəngilan ərazisində əsgərlərimizin qarşısını kəsməklə o bölgənin Ermənistan təcavüzündən azad edilməsinə belə razı deyildi. Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyəni, eyni zamanda digər türk dövlətlərini daha da bir - birinə sıx bağlayacaq və iqtisadi, ticari əlaqələr artaraq birliyin möhkəmlənməsinə gətirib çıxaracaq. Lakin İran üçün burada təhlükə yaratmaq nəzərdə tutulmur. Sadəcə İran özü əsassız iddialarla təhlükə yaratmağa cəhd edir. Əgər arzu etsə, bu dəhliz İranın özünün də faydalanacağı vasitəyə çevrilə bilər. Bu dəhlizin açılması Azərbaycanla yanaşı bir çox maraqlı dövlətlərin diqqət mərkəzindədir. Şübhəsiz ki, açılacaq və öz əhəmiyyətini qoruyacaq. İranın buna heç bir müdaxilə etmək haqqı yoxdur və edə də bilməz. Siyasi ritorikasında etiraz etsə də özü də bilir ki, praktiki müdaxilə üçün əsas yoxdur. İki dövlət öz arasında razılaşıb biri digərinə dəhliz verirsə, üçüncü qüvvənin buna müdaxilə edərək mane olması beynəlxalq təşkilatları da hərəkətə keçirə bilər. Hazırda İranın özü təcrid olunan durumdadır və demək olar ki, müharibə vəziyyətindədir. Daxildə də vəziyyət gərgindir”.
Politoloq qeyd edib ki, İsrail və ABŞ İrana yenidən zərbələr endirə bilər:
“Buna ehtimal böyükdür. Digər tərəfdən İranın müttəfiqi Rusiyanın da Ukrayna müharibəsi fonunda durumu yeni münaqişələrə qoşulacaq imkanları məhdudlaşdırır. Ərəblər, bəluclar, kürdlər və türklər İranda hazırda rejimdən ciddi şəkildə narazıdırlar və qurtulmaq üçün fürsət axtarırlar. Belə olduğu halda İran hətta başının üstündən quşun uçmasından da narahat olur və bunu özünə qarşı yönələn hesab edir. Bölgədə heç bir yeniliyə, ölkələr arasında inkişaf və yaxınlığa səbəb olacaq addımın atılmasına razı olmur. Sanki xof və vahimə içində bütün məsələləri özünə qarşı yönələn zənn edir. Güney Azərbaycan əhalisinin haqlarını, məktəb məsələsini təmin etmək əvəzinə repressiya tədbirlərinə əl atır, sonra da Zəngəzur dəhlizini təhlükə sayır. Ümumiyyətlə 90-cı illərdə Qarabağ münaqişəsi başlayanda İranın rəsmiləri etiraf edirdilər ki, bu münaqişənin davam etməsində və buna görə də Ermənistana dəstək verməkdə maraqlıdırlar. Çünki Azərbaycanın Türkiyə və digər türk ölkələri ilə əlaqələrinin, yaxınlaşmasının qarşını almaqda qərarlıdırlar. O dövrdə də İran Zəngəzur dəhlizindən narahat idi. Rejimin ideoloji əsaslarında müsəlman ölkələrinə qarşı davamlı problem yaratmaq müddəaları var. Bu, təkcə Azərbaycana qarşı deyil. Səudiyyə Ərəbistanı, Suriya, Pakistan, Türkiyə və digər müsəlman ölkələrinə qarşı da anoloji mövqelər var. İran özü bir qədər əvvəl fars bildiyi yaratmaq istədi və hətta Tacikistana da bununla bağlı müraciət etdi. Lakin sonra Əfqanıstanda sünni Taliban hökumətinin qurulması onu qorxutdu və bu birliyə əgər farsdilli əfqanlar qonşularsa ideologiyasının çökə biləcəyindən ehtiyat edərək vaz keçdi. Lakin bu niyyət Turan ideologiyasına alternativ olaraq nəzərdə tutulub. Turan bildiyi isə əsaslı və köklüdür. Zamanın tələbi, geosiyasi reallığın ehtiyacıdır. İran islahatlar aparıb dünya ilə ayaqlaşarsa, bu birlikdən yararlana, faydalana bilər. Zəngəzur dəhlizinə maneə yararaq isə onu daha da təcrid edəcək və təkləyəcək. Hesab edirəm ki, bu dəhliz açılacaq və İranın da real, praktiki müdaxiləsi əsassız olduğu üçün, həm də özünün hazırki durumuna görə mümkünsüzdür”.
Nuray Əliyeva