Tramp Putinə vaxt qoyub

Bölmə: Siyasət › ,
Tarix: 22:12 29.07.2025

Donald Tramp Ukrayna ilə bağlı danışıqlar prosesində heç bir irəliləyiş görmədiyini bəyan edib.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Ukraynanın şəhərlərinin davamlı şəkildə raket və hava hücumlarına məruz qalması Rusiyanın bu savaşla bağlı siyasətinin tərkib hissəsidir:


"Məhz bu yolla Rusiya son bir neçə ayda kütləvi hücumlar təşkil etməklə Ukrayna cəmiyyətində müqaviməti sındırmaq və danışıqlar masasına istədiyi şərtlərlə oturmağı planlayır. Ukraynanın hava hücumundan müdafiə sistemləri, əlbəttə ki, hələlik yetərli səviyyədə deyil, lakin bu istiqamətdə işlər davam etdirilir. Digər tərəfdən, nəzərə alsaq ki, heç bir ölkənin hava məkanının 100 faiz qorunduğunu söyləmək gerçəklikdən uzaq olardı, istənilən halda hava hücumundan müdafiə sistemləri kütləvi hücumlar zamanı müəyyən qədər xətalara yol verə bilir və bütün hücum edən obyektləri zərərsizləşdirmək mümkün olmur. Bu baxımdan diqqət çəkən məqam odur ki, Ukraynanın son dövrlər Qərb müttəfiqlərindən istədiyi əsas hərbi vasitə məhz hava hücumundan müdafiə sistemləridir. O ki qaldı savaşın bu şəkildə davam etməsinə, bu əlbəttə ki, sülh prosesini çətinləşdirir və danışıqlara yer saxlamır. Düşünürəm ki, gələn ayın sonuna qədər Rusiya bu siyasətini davam etdirəcək və Trampın verdiyi müddətə qədər mümkün qədər çox zərbə endirməyə çalışacaq".

 

Gülhüseynova Güllər