Trampın sərt mövqeyi Rusiya ilə gərginliyi artırır

Bölmə: Siyasət › ,
Tarix: 22:47 29.07.2025

Trampın Rusiya ilə bağlı sərt çıxışı beynəlxalq münasibətlərdə yeni mərhələnin başlaya biləcəyini göstərir. O, Ukraynadakı vəziyyətin dəyişmədiyini əsas gətirərək, Putinə verdiyi vaxtı azaldıb.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşəcəyi gözləniləndir:


"ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə verdiyi 50 günlük müddəti 10 günə endirməsi Ukrayna cəbhəsində və siyasi meydanda vəziyyətin kəskin dəyişməsini göstərir. Hər nə qədər Donald Tramp qeyri - stabil və ziqzaqlı siyasət yürütsə belə sonda qəti qərar verməli olduğunu anlayıb. Artıq siyasi manevrlərin qəti mövqe ilə əvəz edilməsinin zamanıdır. ABŞ-nin məhz qeyri - qəti xarici siyasəti, prezident Trampın bir qədər də qeyri - ciddi görünən addımları Rusiyada müəyyən arxayınlıq yaratdı və müharibənin dayandırılmasına çağırışlara əhəmiyyət vermədi. Odur ki, Donald Tramp bu məsələ ilə bağlı "heç bir irəliləyiş yoxdur" deyə açıqlama verərək vəziyyətin dəyişdiyini rəsmən bəyan etmiş olub. ABŞ-nin daha ciddi və həlledici addımlar atması gözlənilir. Rusiya tərəfi isə hələ də ABŞ-nin bu tipli bəyanatlarını ciddi qəbul etmir və kompromis təklifləri rədd edir. Vəziyyəti yumşaltmaq üçün müxtəlif manevrlər edə bilər, lakin artıq ABŞ-nin kəskin addımlar atacağı qətiləşəndən sonra geri çəkilməyin də həlledici əhəmiyyəti qalmır. NATO-nun qoşulması ehtimalı böyüyür. Həmçinin problemin hərb müstəvisində daha geniş meydana çəkilməsi ehtimalı da artır".

 

Gülhüseynova Güllər