Trampın yeni sülh təklifi: Qərb narahat, Kreml isə susqun

Bölmə: Siyasət › ,
Tarix: 17:56 30.07.2025

Trampın Rusiya ilə bağlı yeni açıqlamaları beynəlxalq gündəmi silkələyib. ABŞ-nin Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı "əlverişli şərtlərlə" sülh təklifi etdiyini bildirib. Lakin Kremlin bu təkliflə razılaşmaması Qərb dairələrində narahatlıq yaradıb. Trampın bu addımı Vaşinqtonun əvvəlki sərt mövqeyindən kəskin dönüş kimi qiymətləndirilir.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın bu siyasətinin, xarici siyasətinin əsas hissəsi dünyada müharibə ocaqlarını lokallaşdırmaq və xüsusilə də atom bombası olan dövlətlərin münaqişəsinə imkan verməməkdir:

 

"Bundan əlavə, bildiyiniz kimi, cənab Tramp həm Hindistan-Pakistan arasında olan münaqişənin söndürülməsi ilə əlaqədar, həm də İranın nüvə zənginləşdirmə proqramına qarşı olan tədbirləri — yəni İsraillə birlikdə İrana məxsus hərbi bazaların aviasiya vasitəsilə bombardman edilməsi həyata keçirmişdi. Həmçinin, bildiyiniz kimi, Trampın əsas xarici siyasətində və seçkiöncəsi platformasında Rusiya-Ukrayna müharibəsi prioritet təşkil edirdi. Xatırladaq ki, o, seçkiöncəsi platformasında deyirdi ki, Rusiyaya elə bir təklif edəcək ki, Rusiya bu təklifdən imtina etməyəcək. O, həmçinin qeyd edirdi ki, ondan öncəki seçkilərdə — yəni Bayden deyil, respublikaçılar qalib gəlsəydilər — əlbəttə ki, Ukrayna-Rusiya müharibəsi baş verməzdi.

İndiki halda da, bildiyiniz kimi, cənab Tramp sonuncu dəfə Rusiya tərəfinə 50 günlük bir vaxt vermişdi. Bununla əlaqədar həm Avropa İttifaqına daxil olan dövlətlər, həm də ABŞ-nin NATO-dakı Avropa müttəfiqləri, xüsusən də Böyük Britaniya, Almaniya və Fransa ABŞ-nin bu siyasətini bəyənməmişdilər. Fakt olaraq, bu 50 günlük müddətdə ABŞ tərəfi Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsi ilə bağlı vaxt vermişdi. Bildiyimiz kimi, artıq ABŞ Rusiyaya qarşı 18-ci sanksiya paketini qəbul etmişdir və bu, kifayət qədər ciddi bir paketdir. Digər tərəfdən, cənab Trampın Şərqi Avropaya səfəri hələ də davam edir — bu, 5 günlük səfərdir".

 

Ekspert həmçinin bunu da bildirib ki, bu səfər çərçivəsində o, Böyük Britaniyanın baş naziri Starmer ilə, həmçinin digər Avropa liderləri ilə görüşlər keçirib və Avropa İttifaqına daxil olan komissarlar cənab Trampdan Rusiya təzyiqlərinin gücləndirilməsinə qarşı çıxıblar:

 

"Son çıxışında cənab Tramp çox kəskin bəyanat verib və Rusiyaya 10 günlük vaxt verdiyini bildirib. Əlbəttə ki, bu 10 günlük müddət ərzində Rusiya hər hansı bir addım atmasa, cənab Tramp həm Ukraynaya hərbi, həm də maddi yardımı genişləndirə bilər. Belə ki, 1-2 gün ərzində ABŞ-ə məxsus üç "Patriot" sisteminin Ukraynaya verilməsi ilə bağlı razılıq verilib. Onların birinin pulunu Norveç, ikisini isə Almaniya ödəyib.Ümumilikdə, 17 "Patriot" sisteminin Ukraynaya təqdim olunması nəzərdə tutulur və Ukrayna ilə ABŞ arasında hərbi kəşfiyyat məlumatlarının ötürülməsi hələ də gündəmdədir və davam edir.Ona görə də əksinə, mən deyərdim ki, Trampın bu hərəkəti əlbəttə ki, onun NATO-dakı, həm də dünya arenasındakı mövqeyini gücləndirəcək və böyük ehtimalla, əgər Rusiya həm İstanbulda, həm də başqa bir beynəlxalq platformada Ukrayna ilə müəyyən bir razılığa gəlməsə heç olmasa, Ukraynanın təklif etdiyi kimi 60 günlük atəşkəs rejimini qəbul etməsə ABŞ tərəfindən Ukraynaya böyük bir sanksiya paketinin tətbiqi gözlənilir. Bu paketdə böyük ehtimalla Rusiya enerji daşıyıcılarını alan şirkətlərə və dövlətlərə 100% rüsumun tətbiq edilməsi, digər tərəfdən isə Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar ola bilər. Bu da çox ciddi bir məsələdir".

 

Gülhüseynova Güllər