Balakən şəhidlərinin xatirəsinə həsr olunan güləş yarışı keçirilib

Bölmə: İdman › ,
Tarix: 14:08 07.08.2025

Balakən rayonunun Qabaqçöl qəsəbəsinin Xalatala kənd orta məktəbində Balakən şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə yarış keçirilib. Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı və Xalatala kənd sakinlərinin təşəbbüsü ilə keçirilən yarışda Şəki, Qax, Zaqatala və Balakən məktəbliləri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi sükutla yad edilib.

Tədbirdə çıxış edən Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Vasif Qomurov, Balakən Rayon Gəclər Evinin direktoru Rasim Paçalov, direktor müavini Səfər Gəncəyev, Prezident təqaüdçüsü, Əməkdar məşqçi İsmayıl Çopsiyev, Şəhid valideynləri 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıblar. Adları tarixə əbədi yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb. Qeyd olunub ki, belə yarışların keçirilməsi yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Yarışda müxtəlif çəki üzrə 150 yeniyetmə idmançı iştirak edib. 8 idmançı I, 11 idmançı II və 19 idmançı III yerə layiq görülüb. Komanda hesabında Balakən UGİŞM-nin sərbəst güləş komandası, məşqçi Ruslan Filiyevin yetirmələri medal sayına görə l yeri tutub, kubok qazanıblar.

Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.