Azərbaycanın futbol millisi Xankəndidə oynaya bilər

Tarix: 19:14 07.08.2025
"Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən hər iki şəhər- Xankəndi və Gəncə stadionunda yenidənqurma və təmir işləri aparılır. MDB Oyunlarının keçirilməsi hər iki şəhərdə çox müsbət hal olar. Gəncə bilirik ki, futbol şəhəridir. Məsələn: "Kəpəz" son illərdə stadionun yararsız hala düşməsinə görə ev oyunlarını başqa-başqa şəhərlərdə, rayonlarda keçirir. Öz doğma meydanından, evindən, azarkeş dəstəyindən məhrum olub".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, "Kəpəz"in patensialı çox böyükdür. Gəncə stadionu tam hazır olduqdan sonra "Kəpəz" də böyük azarkeş dəstəyi ilə təmin olunacaq:
"Xankəndi isə dağlıq Qarabağın ürəyidir. Azərbaycanın ən gözəl, möhtəşəm şəhərlərindən biridir. O şəhərdə ötən ilin qışında Azərbaycan kubokunun "Qarabağ" MOİK oyunu keçirilib. Mən özüm də oraya səfər etmişdim, həqiqətən gözəl stadiondur, ancaq köhnə idi. Təmirə ehtiyacı var idi və indi yenidənqurma və təmir işləri ən müasir standartlarla aparılır. Qarabağda belə müasir stadionun olmasına ehtiyac var idi. Yəqin ki, bundan sonra gələcəkdə böyük yarışlar, turnirlər Xankəndiyə salınacaq, bu isə çox böyük bir hadisə olacaq.
Ümumiyyətlə Azərbaycanda nə qədər çox futbol stadionu tikilərsə və ya köhnələri təmir olunarsa, yenidənqurma işləri görülərsə, bu infrastruktur baxımından biz ancaq qazanacayıq. Çünki Azərbaycanda müasir standartlara cavab verən stadionlara ehtiyac var".
Zəhra Möhübbətova