Yassin Benzia bu kluba keçib

Tarix: 19:20 07.08.2025
"Yassin Benzianın Səudiyyə Ərəbistanına keçidi onun üçün nə dərəcədə uğur olub-olmayacağını zaman göstərəcək. Amma indiyədək "Qarabağ"dan ayrılan furbolçukarın heç biri Ağdam klubundakı yüksək səviyyəli oyununu davam etdirə bilməyib. Bu fikrə sonuncu dəlil kimi braziliyalı Juninyonu göstərə bilərik. "Qarabağ"da parlayan Kadi bacarıq və istedadını nə Rusiyada ("Krasnodar"), nə də Macarıstanda ("Ferentsvaroş") davam etdirə bilib".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Yassin Benzia "Qarabağ" üçün əhəmiyyətli futbolçu idi:
"Amma fövqəladə oyunçuydumu? xeyr. Demək istədiyim odur ki, "Qarabağ"da onun yoxluğunu unutduracaq oyunçular var. Baxın, Juninyonun gedişi ilə hücum xəttində dərhal boşluq yarandı və təəssüf ki, hələ də davam edir. Yəni Benzianın gedişinin itkisi bu deyil.
Son illər Avropadan, eləcə də Cənubi Amerikadan tanınmış, adlı-sanlı futbolçuların, həmçinin bir sıra tanınan məşqçilərin Səudiyyə Ərəbistanı klublarına kütləvi axınının mərkəzində fantastik məbləğdə pul ödənişləri dayanır"
Müsahibimizin sözlərinə görə, bu prosesin nə qədər davam edəcəyini dəqiq demək çətin olsa da, hələ 3-5 il sürəcəyi ehtimalı böyükdür:
"Çünki maddiyyat mənasında ərəb dünyasının imkanları xeyli genişdir. Ancaq xərclər yekunda mütləq gəlir gətirməlidir və sponsorların sayəsində hələ ki, bu məsələdə də problem yoxdur. Lakin etiraf edək ki, bu qədər məşhurların "mərkəzəqaçma"sına baxmayaraq, azarkeş marağı istənilən səviyyədə deyil, klublar dünya markasına, dünya brendinə çevrilə bilmirlər. Bunun başlıca səbəblərindən biri isə futbolu dərindən, belə demək mümkünsə, savadlı şəkildə qavrayan azarkeş təbəqəsinin olmamasıdır. Həmin təbəqənin formalaşa bilib-bilməməsi zaman məsələsidir".
Zəhra Möhübbətova