Ağdam-Xankəndi yolunun açılması -Mosva Bakıya müsbət cavab verdi

Bölmə: Siyasət › ,
Tarix: 22:40 06.09.2023

Rusiyanın Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına razı olduğunu açıqlamasından sonra bölgə və region üçün strateji əhəmiyyətə sahib olan bu yolun açılmasına müəyyən güclər maneə olmağa çalışsa da, prosesin müsbət nəticələnəcəyinə dair ümidlər yüksəkdir.


Moskva Bakının istəyinə müsbət reaksiya verib. Söhbət humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz daşınmasından gedir. Məsələ ilə bağlı Rusiya rəsmi mövqeyini ortaya belə ifadə edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan hakimiyyətinin ritorikası təkcə məsuliyyəti başqalarının üzərinə atmaq deyil, həm də məsələnin həllini çətinləşdirmək məqsədi daşıyır: “Rusiyaya qarşı ittihamlar yolverilməzdir. Ölkəni təmsil edən insanlar öz bəyanatlarında daha məsuliyyətli olmalıdırlar. Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”.

Zaxarova ölkəsinin üçtərəfli razılaşmalar çərçivəsində hərəkət etdiyinə diqqət çəkib. Rusiyanın Ağdam-Xankəndi marşrutu üzrə daşımaların həyata keçirilməsinə razılıq verməsinin səbəbinə gəlincə...

Siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, bu, həm reallığı əks etdirir, həm də hüquqi bir yanaşmadır: “Rusiya çox yaxşı başa düşür ki, əslində Ermənistanın düzənlədiyi bu humanitar şou üçüncü ölkələr tərəfindən Fransa və bu kimi bir sıra ölkələr vasitəsilə Cənubi Qafqazda və o cümlədən də Azərbaycan ərazilərinə nüfuz etmək üçün həyata keçirilən dırnaqarası bir aksiyadır. Yəni məqsədyönlü bir aksiyadır. Təbii ki, Moskva da belə bir situasiyada həm Cənubi Qafqazdakı maraqlarını, eyni zamanda Azərbaycanla münasibətlərini nəzərə alaraq, bu məsələdə məhz Ağdam yolu məsələsini önə çəkmək məcburiyyətindədir”.

Ağdam-Xankəndi yolunun açılmasına mane olan qüvvələr var. Siyasi şərhçilər deyir ki, yüklərin buradan daşınması yaxın perspektiv üçün mümkün ola bilən məsələdir.


Siyasi şərhçi Tural Əliyev hesab edir ki, yaxın zamanda Ağdam-Xankəni yolunda o yüklərin ora daxil olmasını görəcəyik: “Və orada yaşayan ermənilər də, qondarma rejim də bunu anlamalıdır ki, Azərbaycanın qanunlarına tabe olmaqdan başqa, alternativ yol yoxdur. Bunun yeganə yolu budur. Güc yolu ilə Azərbaycana qarşı hər hansısa bir təzyiq mümkün deyil. Və Azərbaycanın hazırda dislokasiya olunmuş ordusunun gücü də, texnikasını da bunu sübut edir. Onlar da çox aydın başa düşürlər ki, güc yolu ilə bu, mümkün ola bilməyəcək. Diplomatik kanallarla təzyiq etməyə çalışırlar, ancaq o da alınmır. Bu o deməkdir ki, artıq Azərbaycan öz məqsədlərinə addım-addım yaxınlaşır”.


Ekspertlərin qənaətincə, prosesin sürətlənməsinə təkan verə biləcək digər bir qüvvə Rusiya sülhməramlılarıdır. Onlar rəsmi Moskvanın mövqeyindən çıxış edərək, Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasında maraqlı olduqlarını daha açıq şəkildə nümayiş etdirə bilərlər.

 

Zeynəb