Dövr dəyişir, insanlar dəyişmir?
Bölmə: Araşdırma › ,Tarix: 20:14 05.12.2023
Dövr, texnologiyalar dəyişib, inkişaf edir. Amma hələ də geri düşüncəli, qızların oxumasına, işləməsinə yaxşı baxmayan insanlar var. Mövzunu informator.az-a şərh edən psixoloq Samirə Bağırova deyir ki, əslində keçmişə, əsrlər öncəyə nəzər salsaq görəcəyik ki, qeyri adi dəyişən heç nə olmayıb. "Hər şey təkrarlanır, sadəcə daha müasir tərzdə. Biz deyə bilmərik ki, texnologiya inkişaf edib, çünki keçən əsrlərə nəzər salsaq görəcəyik ki, hər şey olub, sadəcə olaraq texnologiya ilə bağlı sadəcə olanların üzərindən müasir dəyişiklər olub. İstər texnika, istər dəb, istər din, siyasi qaydalar, hər şey olduğu kimi davam edir. Yeni inkişaf yoxdur, mövcud olana yeni yanaşma var".
Psixoloq qeyd edir ki, bir kişi düşünürsə ki, qadın təhsil ala bilməz, işləyə bilməz bunun təməli, yəni bu cür düşünməyinin tərbiyəsi qadından yararlanır. "Əgər bu gün qadınlar kişilərdən gileylidirsə, səbəbi özlərindədir. Qadın tərbiyələndirən, yönləndirəndir. Və bu qadının hamiləlik dönəmindən, uşaqla göbək bağından başlayır. Dünyanı qadınlar idarə edirmi? Bəli edir. Əgər dünyada, ölkədə, cəmiyyətdə nədənsə narazıdırsa qadın demək ki, bunu özü yaradıb. Çünki uşağa həyat verən kişidirsə, nəfəs verən qadındır".
Samirə Bağırovanın sözlərinə görə, gələcəkdəki şəxsiyyətin formalaşmasında ilk ananın üzərinə məsuliyyətinə düşür, yaşam tərzinin, zəmanənin heç bir əlaqəsi yoxdur. "Bu günki cəmiyyət 15-20 hətta 25 il öncəki qadınların düşüncəsinin güzgüsüdür. Kiçik bir misal: Məhəmməd Peyğəmbər Xədicənin yanına gəlib deyəndə ki, mən qorxulu varlıq görmüşəm, Xədicənin cavabı - sən seçilmişsən, özəlsən olub. Bu gün hər hansısa uşaq, ya həyat yoldaşı gəlib qadına bunu desə, deyəcək get dəlixanaya".
Psixoloq sonda onu da qeyd edir ki, eyni dünya, eyni zamandır, əslində insanlar və yanaşmalar da əslində eynidir. "Hansı əsrdə bütün dünya ya bir ölkə eyni düşüncədə olub ki? Sağlam cəmiyyətdə yaşamaq istəyənin qızları təhsil almalı, çalışmalı, inkişaf etməlidir. Cəmiyyəti onlar yaradır çünki".
AYNUR BABAYEVA