Tarixdə bu gün-Pakistanın Azərbaycann müstəqilliyini tanıması-Politoloqdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 16:30 13.12.2023

Tarixdə bu gün, 13 dekabr 1991- ci ildə  Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

 

İllərlə iki dövlət arasındakı münasibətlər inkişaf edib, əlaqələr genişlənib.


İmformator.az - açıqlama edən politoloq Natiq Miri qeyd edib ki, Azərbaycanla Pakistanın münasibətləri 1991-ci ilə yox, ondan çox öncəyə də dayanır.

 


"Bu coğrafiyada yaşayan müsəlmanların hər zaman ən çətin vəziyyətində Azərbaycan xeyiriyyəçiləri, xüsusilə, Hacı Zeynalabdin Tağıyev  müsəlmanlara təmənnasız yardım edib.
Bunu həmin coğrafiyada yaşayan müsəlmanlar və Pakistan dövləti heç vaxt unutmayıb.
Təkcə Azərbaycanla deyil, qardaş Türkiyə ilə də Pakistanın dostluq münasibətləri var. Buna görə də bu dövlətlər, toplumlar hər zaman birbirlərinin yanında olmaqla yanaşı, problemlərinə çiyin gəlib, dəstəklərini konkret ortaya qoyublar. Bildiyimiz kimi, Pakistanın Hindistanla arasında Kəşmirlə bağlı problem var. Azərbaycan Kəşmiri Pakistanın ərazisi kimi bilir və bu yöndə hər zaman  Pakistanı dəstəkləyir, Pakistan da eyni münasibəti göstərib və Qarabağ problemi ilə bağlı Azərbaycanın yanında olduğunu, dəstəklədiyini bildirib. Bunun ən bariz nümunəsi də 2020-ci il 44 günlük Vətən  müharibəsi oldu ki, burada Pakistan birmənalı olaraq Azərbaycanın yanında olduğunu bəyan etdi".

 

 

Politoloq bildirib ki,  Türkiyə kimi nüvə dövləti olan Pakistanın da Azərbaycanın yanında olduğunu bəyan etməsi bir çox güc mərkəzi üçün çəkindirici məqam oldu və bu da strateji əhəmiyyət daşıyır.

 


"Buna görə də düşünürəm ki, bu münasibətlər sadəcə siyasi maraqlar çərçivəsində deyil, iki xalq arasındakı mənəvi bağlarla da bağlıdır. 
Hesab edirəm ki, bu  münasibətləri pozmaq istəyənlər bunu bacara bilməyəcəklər, çünki dünənin, bu günün, hətta 1991-ci ilin məsələsi deyil,  bu 100 illərə dayanan bir münasibətlər sistemidir və bu gün də eyni səviyyədə davam edir.  44 günlük Vətən müharibəsində və ondan sonrakı proseslərdə Pakistan höküməti hərbi, siyasi, mənəvi cəhətdən Azərbaycan dövlətinin yanında olmaqla yanaşı, bəzi strateji silahların Azərbaycana verilməsi ilə də fərqləndi. Məhz bu cür münasibətin nəticəsi idi ki, İmran Xan Baş nazir olanda Azərbaycana JF-17 qırıcı təyyarələrinin satılması ilə bağlı razılıq da bildirdi ki, bununla bağlı hazırlıqlar da görülürdü".

 


Müsahib düşünür ki, İmran Xanın  hakimiyyətdən devrilməsi məhz Azərbaycan və Türkiyə ilə belə strateji səviyyədə  münasibətlərin nəticəsi idi.

 


" Çünki müstəqil Pakistan dövlətinin bu cür addımları bəzi qlobal gücləri, o cümlədən, ABŞ - ı qane etmirdi. Buna görə də süni şəkildə, parlamentdəki öz əlaltıları,  İmran Xana etimatsızlıq göstərmək vasitəsi ilə onu hakimiyyətdən saldılar. Ancaq bu yenə də  Pakistanla Azərbaycan arasındakı münasibətlərə ciddi təsir etmədi.
Çünki bu hakimiyyətə kimin gəlməsindən asılı deyil, xalqlar arasında dostluq münasibətidir".

 


Natiq Miri sonda qeyd edib ki, bu mənəvi bağlar o qədər ciddidir ki, hər hansı bir hakimiyyət dəyişikliyi bu münasibətlərə ciddi təsir edə bilmir.

 


"Düşünürəm ki, bu qardaşlıq münasibəti dünən də var idi, bu gün də var, sabah da olacaq".

 


Nəzrin Mirzəyeva