Texnoloji tərəqqidə yeni era: ''Prezident İlham Əliyevin siyasəti güclü texnoloji inkişafı stimullaşdırır''-Rəvan Əliyev

Bölmə: Siyasət › ,
Tarix: 17:46 30.01.2024

''Azərbaycanda texnogen sivilizasiyanın inkişafı ölkəmizdən də yan keçməyib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra davamlı inkişaf sahəsində geniş uğurlara nail olan Azərbaycan texnogen sivilizasiyanın nailiyyətlərindən istifadə etməklə bütün sahələrdə uğurlar əldə edib, müasir dövrün lider dövlətlərindən birinə çevrilib''.

 

Bu sözləri Cənab Prezident İlham Əliyev ilə bağlı çıxışında Bakı Dövlət Universitetinin müəllimi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Rəvan Əliyev bildirib. 

 

R.Əliyev qeyd edir ki; ''Texnogen sivilizasiyanın inkişafı sosial-iqtisadi sahələrdə dəyişikliklərə şərait yaradır və davamlı inkişafı təmin edir. Ümummilli lider texnoloji yeniliklər əsasında sosial-iqtisadi inkişafın sürətləndirilməsini daim diqqətdə saxlayırdı. Bütün dünyada 1960-1970-ci illərdə elmi-texniki tərəqqi iqtisadiyyatı inkişaf etdirən böyük bir qüvvə olmuşdur. Ancaq Azərbaycan neft sənayesinin inkişafına xüsusi diqqət ayırdığı üçün elmi-texniki tərəqqinin son nailiyyətlərindən kənarda qalırdı. Ümummili lider Heydər Əliyev bu sahəyə diqqəti artırmaqla ölkədə texnoloji inkişafın prioritetlərini müəyyən etmişdir. Ümummilli lider Heydər Əliyev Bakı Məişət Kondisionerləri zavodunun 20 illik yubileyi münasibətilə təşkil olunan tədbirdəki nitqində elmi-texniki tərəqqinin maşınqayırmanın inkişafı ilə bağlı olduğunu qeyd edirdi. Bu məqsədləri reallaşdırmaq üçün atılan addımlardan biri də 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodunun açılması olmuşdur. Zavodun tikintisini Yaponiyanın “Toshiba” firması həyata keçirmiş, texnoloji avadanlıqlar Yaponiyadan gətirilmişdi. Fikrimizcə, elmi-texniki tərəqqi sahəsində dünyanın inkişaf etmiş ölkələri ilə bütün sahələrdə başlayan əməkdaşlıq münasibətləri texnogen sivilizasiyanın ölkədə inkişafını sürətləndirib''.

 

 

''Texnogen sivilizasiyanın əsas nailiyyətlərindən biri olan rabitə sisteminin inkişafı Azərbaycandan da yan keçməmişdir. Ümummili lider Heydər Əliyev informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayırmışdır və Azərbaycanla Amerika qitəsi arasında rabitənin əsası olan peyk- rabitə sisteminin yaradılmasını təmin etmişdir. Texnogen sivilizasiyanın inkişafının qabaqcıl olduğu ölkələrlə münasibətlərin genişlənməsi Azərbaycanda texnoloji inkişafı sürətləndirmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda rabitə sisteminin inkişafı hələ XX əsrin 70-80-ci illərdə diqqətdə saxlanılırdı. 1970-ci il iyun ayının 24-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi əsasında "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" qərar qəbul edilmişdir. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyası ilə yanaşı şəhərlərarası telefon stansiyasının açılışı həyata keçirilmişdir. Fikrimizcə, XX əsrin 60-70-ci illərində texnoloji inkişaf sahəsində aparılan islahatlar texnogen sivilizasiyanın inkişafının əsas göstəricilərindəndir. Azərbaycan uzun müddət ərzində texnogen sivilizasiyanın nailiyyətlərindən faydalanmaqla davamlı inkişaf yolunda uğurlu nəticələr əldə etmişdir. Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) ölkədə texnoloji inkişafın əsas prioritetlərini müəyyən edib.
Qeyd etmək istərdik ki, ölkədə texnogen sivilizasiyanın inkişafı və yeni nailiyyətlərin əldə olunması sahəsində ilk addımlar informasiya-kommunikasiya və maşınqayırma sahəsində atılmışdır. XXI əsrdən etibarən texnoloji inkişafın istiqamətləri genişlənmişdir. Ümummili lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycanın inkişafını təmin edən nailiyyətlər bu gün İlham Əliyev tərəfindən davam etdirilir''.

 


''Azərbaycanda texnogen sivilizasiyanın inkişafı şərtləndirən əsas amillərdən biri dördüncü sənaye inqilabının ölkəmizdə də əhəmiyyətli dəyişikliklərə səbəb olmasıdır. Azərbaycanda dövlət səviyyəsində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi Dördüncü Sənaye İnqilabının inkişafını sürətləndirmişdir. 6 yanvar 2021-ci ildə ölkə başçısının sərəncamı ilə “Dördüncü sənaye inqilabının təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin yaradılması texnogen sivilizasiya nailiyyətlərinin regionda daha da genişlənməsinə imkan yaradır. Bu sahədə atılan addımlardan biri də 2022-ci il 23 fevral tarixində Dünya İqtisadi Forumunun Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycanda mərkəzinin açılmasıdır. Yeni açılmş mərkəz “Süni intellekt və maşın öyrənmə”, “Əşyaların öyrənilməsi və şəhər transformasiyası” və “Rəqəmsal iqtisadiyyat” platformaları üzrə əməkdaşlıq tədbirləri gerçəkləşdirir .Texnogen sivilizasiyanın əsas nailiyyətlərindən olan süni intellektin inkişafı üçün ölkədə tədbirlər planı hazırlanmış və yol xəritəsi tətbiq edilmişdir. Süni intellektin inkişafı ilə yanaşı milli süni intellekt fəaliyyətinin idarə olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində “Azərbaycan süni intellekt laboratoriyası”nın əsası qoyulmuşdur. Qurum süni intellektlə bağlı siyasət təklifləri və strategiyalarının formalaşdırılması, süni intellekt modellərinin yaradılması istiqamətlərində işlərin həyata keçirilməsini əsas məqsəd kimi müəyyən edib.
Qeyd etmək istərdik ki, müasir dövrdə ölkədə elmi-texniki tərəqqinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ən son texnoloji nailiyyətlərin müxtəlif sahələrdə tətbiqi nəticəsində bütün sahələrdə irəliləyiş təmin edilmişdir. Cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü elmi-texniki islahatlar Azərbaycanda texnogen sivilizasiyanın inkişafında mühüm rola malikdir''.