Bu gün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə yeganə təhdid Ermənistan tərəfdəndir-Sahil Kərimli

Bölmə: Siyasət › ,
Tarix: 16:18 02.02.2024

"Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”.

 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində deyib.

 

Bölgədə sülhün pozulması ehtimalı barəsində politoloq Sahil Kərimli informator.az saytına açıqlama verib.

 

"Bu gün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə yeganə təhdid Ermənistan tərəfdəndir, Ermənistan daima bölgədə işğalçılıq siyasəti, qonşulara qarşı ərazi iddiaları irəli sürən ölkə olub. Bu gün də Ermənistanın konstitusiyası, eyni zamanda dövlət atributlarında, Müstəqillik Bəyannaməsində qonşulara qarşı ərazi iddiaları qalmaqdadır".

 

Politoloq qeyd edir ki, Ermənistan öz konstitusiyasına və dövlət atributlarına düzəlişlər etməlidir, yalnız bununla bölgədə sülhə və təhlükəsizliyə sahib ola bilərik.

 

"Əlbəttə ki, son günlərdə Ermənistan rəhbərliyi bu istiqamətdə müəyyən addımlar atır və müsahibələrində bildirir ki, Ermənistanın müstəqil ölkə kimi varlığını davam etdirə bilməsi üçün konstitusiyaya dəyişikliklər edilməli, referenduma gedilməlidir. Ümid edirik ki, digər qızışdırıcı mövqelərdə olan dövlətlərin Ermənistana havadarlıq edib, Azərbaycana qarşı öz məkrli siyasətini yürüdən Avropanın və Qərb dairələrinin əlində alət olmayacaqdır öz müstəqil siyasətini yürüdərək, konstitusiyasında dəyişiklik edəcək, qonşulara qarşı ərazi iddialarından birdəfəlik əl çəkəcək".

 

Sahil Kərimli sonda əlavə edir ki, yalnız bu halda bölgəmizdə sülh və təhlükəsizlik daimi ola bilər, əks halda Ermənistan köhnə siyasi xəttinə davam edərsə, bu zaman bölgədə yeni müharibələrin, hərbi qarşıdurmaların olması qaçınılmazdır.

 

Gülay Qəribova