Ukraynanın müharibə aparması üçün dəstəyə mütləq şəkildə ehtiyacı var-Xəyal Bəşirov

Bölmə: Siyasət › ,
Tarix: 18:00 05.02.2024

Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılır. Ölkə Prezidenti Volodimir Zelenski bununla bağlı Ali Radaya qanun layihəsi təqdim edib. Layihəyə əsasən, Ukraynada hərbi vəziyyət mayın 14-dək uzadılır. 

 

Məsələ ilə bağlı politoloq Xəyal Bəşirov informator.az-a açıqlama verib. Xəyal Bəşirov bildirir ki, Ukraynada sülh istiqamətində atəşkəslə bağlı danışıqlar döyüş meydanında həll olunur. 

 

‘’Bir müddət bundan öncə döyüş meydanında Ukraynanın soyuq qış aylarında müəyyən uğursuzluqları, Rusiya tərəfinin imkanlarının güclənməsi və eyni zamanda Ukranyaya kollektiv Qərb tərəfindən hərbi, maddi, humanitar və digər dəstəklərin səngiməsi səbəbilə Ukrayna tərəfində döyüşən əsgərlərdə ruh düşkünlüyü yaradıb. Hətta, ölkə prezidenti səviyyəsində də Ukraynanın geriyə addım atması ilə bağlı fikirlər səslənirdi’’.

 

Politoloq qeyd edir ki, Ukraynanın müharibə aparması üçün dəstəyə mütləq şəkildə ehtiyacı var. 

 

"Bir neçə gün sonra 2 ili tamam olacaq bu müharibədə əslində kollektiv Qərbin dəstəyi ilk gündən Ukraynanın üzərindədir. Bu dəstək olmasa, hamıya məlumdur ki, Ukrayna qısa müddət ərzində təslim olmağa məcbur qalacaq. Amma, qeyd etdiyimiz dəstəyin səngiməsindən sonra yenədə Avropa İttifaqının 50 milyardlıq paketin razılaşdırılması ilə bağlı müəyyən zamana ehtiyacı oldu. Nəhayət ki, Macarıstan bu məsələdə razılığa gələ bildi. Təxminən 2027-ci ilə qədər hər il 12,5 milyard olmaqla Ukraynaya 50 milyardlıq yardım paketi qüvvəyə minib. ABŞ-ın 60 milyardlıq yardım müzakirəsi aparılır’’.

 

Xəyal Bəşirov eyni zamanda qeyd edir ki, bu yardımın olması Ukraynanın Rusiya ilə döyüş aparmasını reallaşdırır və ona ciddi yardım göstərir. Lakin bu yardımlar Rusiya-Ukrayna müharibəsinin taleyini həll etmə gücündə deyil. 

 

"Yardım sadəcə maddi baxımdan yox, silah-sursat, humanitar, hava hücumundan müdafiə sistemi eyni zamanda havadan zərbə vurmaq üçün geniş imkanlar verən texniki vasitələr tərəfindən verilməlidir".

 

Müsahib əlavə edir ki, Ukraynanın ən ciddi problemlərindən biri də canlı qüvvə ilə bağlıdır. 

 

"Canlı qüvvə yardımı Qərb kollektivi tərəfindən göstərilə bilmir. Digər dövlətlərin hərbçiləri Ukrayna üçün döyüşə bilməz. Nəzər alsaq ki, müharibə başladığı gündən bu günə qədər xeyli insan Ukraynanı bombardmana görə, şəhərlərin, kəndlərin, evlərin darmadağın edilməsinə görə tərk etmək məcburiyyətində qalıb. Göstərilən dəstəkləri nəzərə alsaq burada əsas məqsəd Ukraynanın qalib gəlməsi deyil, Rusiya-Ukrayna müharibəsinin hələ də bir müddət uzadılmasına yönələn addımdır, Rusiyanın resurlarının tükənməsinə yönələn addımdır. Bunu əyani şəkildə görmək mümkündür’’.

 

Politoloqun fikrinə əsasən, bu proseslərin fonunda digər ölkələr də öz istəyinə nail olmaq planlarını həyata keçirirlər. Bu da təbii ki Ukrayna xalqına müsbət hal kimi təsir göstərmir. 

 

"Ukrayna xalqı böyük ümidlə yaşayır ki, yaxın zamanda müharibəni həll edən yardım olunacaq. Təbiki maddi və silah baxımından dəstək olsa belə, canlı qüvvə baxımından dəstəyin olması real görünmür. Hərbi rejimin 90 gün uzadılması da elə bu dəstəklə bağlıdır. Müharibə çox genişmiqsaylı gedir və hər gün milyardlarla dollar həcmində vəsait sərf olunur. 90 günə nəzər yetirsək görərik ki, bu zaman ərzində də böyük vəsaitlər sərf olunacaq. Ümid edirik ki, qarşıdan gələn isti aylarda hər zaman olduğu kimi Ukraynanın mövqeyi daha da güclənəcək, manevrə etmə imkanı Rusiyanı geçməsə belə ən azından bərabərləşə bilər’’.

 

Xəyal Bəşirov düşünür ki, sülh danışıqlarının aparılması hazırda Rusiya və Ukraynadan asılı deyil. Bu daha çox Ukraynaya dəstək göstərən kənar qüvvələr tərəfindən həll olunan məsələdir. 

 

Sevinc Yarməmmədova