Gürcüstanda baş verən bu dəyişiklik ilə daxili siyasətdə müəyyən yeniliklər ola bilər-Elşad Həsənov
Bölmə: Siyasət › ,Tarix: 21:04 05.02.2024
"Gürcüstan Azərbaycanın strateji müttəfiqi, yaxın dostu, eləcə də Avropaya açılan pəncərədir. Biz bu münasibətləri müstəqillik qazandıqdan sonra, xüsusilə Heydər Əliyevin hakimiyyəti dövründə qurduq". - Bu fikirləri Gürcüstanın Baş nazir postunda baş verən əvəzlənmə ilə bağlı Politoloq Elşad Həsənov informator.az-a açıqlamasında bildirib.
Politoloq qeyd edir ki,1993-cü ildə Ulu öndərimizin Gürcüstan rəhbərliyi ilə görüşü zamanı Azərbaycan-Gürcüstan münasibətlərini dostluq, müttəfiqlik baxımından qiymətləndirməsi və bu baxımdan işlərin aparılması hər bir şeyi sübut edir.
"Dövlətlərarası imzalanmış "Əsrin Kontraktı" ilə isə əlaqələr daha da genişlənib. Bu gün isə bu davam etdirilir, bunun göstəricisi olaraq keçən dövr ərzində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüşlər olmuş, bəyannamələr imzalanıb. Həmçinin, 44 günlük müharibə şəraitində də biz qonşu ölkənin qarşı tərəfə istər hava yolu, istərsə də quru yolu ilə silah-sursat ötürülməsinin qarşısını alaraq mövqeyimizi dəstəkləmiş olduqlarını gördük".
Elşad Həsənov əlavə edir ki, hazırda orada "kölgə hakimiyyəti" mövcuddur ki, buna da İvanaşvili və onun komandası başçılıq edir.
"Görünür ki, İrakli Qaribaşvili ilə bağlı bir sıra nüansların onu qane etməməsi səbəbindən onu hakim partiyanın sədri-Kobaxidze ilə əvəzləməyə məqsədə müvafiq hesab edib və onun hakimiyyəti dövründə elədə ciddi dəyişikliklər baş verməyib".
Politoloq hesab edir ki, Baş nazir postunun əvəzlənməsi Azərbaycanla olan münasibətlərə gəlincə isə bu əlaqələr daha da inkişaf edəcək.
"Gürcüstanın üz döndərmək kimi məqsədi də yoxdur, çünki biz müttəfiq, dostuq, eyni zamanda bizim ərazimizdə müəyyən sayda gürcülər, orda da türk kökənli azərbaycanlılar yaşayır. Gürcüstan isə bu tip həssas məqamları siyasətində nəzərə alıb, diqqətlə yanaşır. Cənubi Qafqazda bu tip məsələlərə mənfi çalar gətirən hər zaman Ermənistan olub və elə buna görədə hər zaman başqa dövlətlər tərəfindən istifadə olunub".
Müsahib sonda əlavə edir ki, Gürcüstanda baş verən bu dəyişiklik ilə daxili siyasətdə müəyyən yeniliklər ola bilər, lakin siyasət, qayda-qanun yenə də eynidir.
Aytac Kərimova