Qarabağda erməni əhalisinə qarşı təzyiq göstərilmir-Mübariz Göyüşlü

Bölmə: Siyasət › ,
Tarix: 13:22 06.02.2024

Son vaxtlar istər AŞPA, istərsə də digər ermənipərəst təşkilatlardan Qarabağ ermənilərinin yenidən həmin ərazilərə qayıtması ilə bağlı çağırışlar edilir. Həmçinin ermənilərin Qarabağı tərk etməsində guya Azərbaycanın rolu olması haqda təəssürat yaradılmasına cəhdlər sezilsə də,  ermənilər Qarabağı öz istəkləri ilə tərk ediblər. Həmçinin rəsmi Bakı dəfələrlə bəyan edib ki, geri qayıtmaq istəyən ermənilərə əngəl yaradılmır.

 

Bu halda Qərbin və həmin qurumların səsləndirdiyi fikirləri necə qiymətləndirmək lazımdır?

 

Siyasi şərhçi Mübariz Göyüşlü bu haqda informator.az-a açıqlama edib:

 

"Hesab edirəm ki, adı çəkilən təşkilatlar və ya Avropanın bir sıra dövlətləri bu məsələdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Qarabağda ermənilərə qarşı nə onların getmələri, nə də qalmaları üçün təzyiq göstərilmir ".

 

Müsahib bildirir ki, Azərbaycan heç vaxt təzyiq göstərmək kimi prosesslərin içində yer almayıb, bu barədə yayılan məlumatlar böhtan və şantaj xarakteri daşıyır.

 

"Azərbaycanı təzyiq yolu ilə istədikləri istiqamətə döndərmək üçün, Azərbaycana diktə etmək üçün belə hallardan istifadə olunur. Əsl məqsəd bundan ibarətdir".

 

Mübariz Göyüşlü deyir ki, biz Qarabağda doğulub-yaşayan ermənilərin getməsinə və ya qalmaq istəyənlərə qarışmırıq. Onlar Azərbaycanın müvafiq qurumlarına yaxınlaşaraq vətəndaşlıq ala bilərlər, bu dəfələrlə elan edilib.

 

"Qaydalar bəllidir, kimlər ki Qarabağa Ermənistan tərəfindən sonradan gəlib, zorla və şirnikləndirilərək gətirilib, onlara Qarabağda yer ola bilməz".

 

Siyasi analitik sonda qeyd edir ki, əvvəllər də Azərbaycan torpaqlarında ermənilər yaşayıb, hazırda da Qarabağda qalan ermənilər var və onlar üçün heç bir problem yoxdur, ola da bilməz.

 

Gülay Qəribova