ABŞ-İran münasibətləri bundan sonra necə tənzimlənəcək?-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 18:37 06.02.2024
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Vaşinqton Suriya, İraq və Yəməndəki bombardmanlarla məhdudlaşmayacaq, İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir.
Bütün bunların altında İran-ABŞ münasibətlərinin gərginləşməsinin dayandığı deyilir, Hakan Fidan da son açıqlamasında ABŞ və İran arasındakı gərginliyin təhlükəli olduğunu bildirib. Sözügedən məsələlərlə bağlı politoloq Əli Zülfüqaroğlu informator.az-a açıqlamasında bildirib ki, Bu gün ABŞ-İran münasibətləri sadəcə iki dövlət arasındakı münasibətlər olaraq məhdudlaşmır.
"Çünki, həm geo-siyasi vəziyyət elə bir mərhələyə gəlib çatıb ki, artıq anti-qərb ittifaqları kifayət qədər güclüdür və eyni zamansa ABŞ-ın daxilindəki Bayden və Trumpın arxasındakı güclərin qarşıdurma həddinə çatması bütün dünyada hadisələrin baş verməsinə şərait yaradır, bu qarşıdurma bütün dünyada öz təsirini göstərir".
Əli Zülfüqaroğlu deyir ki, Yaxın Şərqdəki problemlərə təsir edən amillərdən biri də bu qarşıdurma olub.
"ABŞ-ın mövqelərinə edilən hücumların, eyni zamanda İrana qarşı olan hücumların bölgəni təhdid etməsi realdır, amma ABŞ quru əməliyyatları keçirmədiyi halda, Yaxın Şərqdə əsaslı və öz xeyirlərinə olan nəticələr əldə edə bilməyəcək".
Politoloqun sözlərinə görə, havadan bombardmanlarla İordaniyada, Yəməndə ciddi nəticələrin əldə edilməsi mümkünsüzdür.
"ABŞ-dakı qarşıdurma, xüsusilə seçki ərəfəsində, o həddə çatıb ki, xüsusilə Trumpun arxasındakı güc, İran qüvvələrinin ABŞ-ın mövqelərinə zərbə endirməsinə dəstək vermək ehtimalı çox yüksəkdir. Çünki ABŞ-dakı seçki ölüm-dirim mərhələsinə çatıb. Ona görə də ABŞ-ın daxilindəki müəyyən qüvvələrin İrana dəstək vermə ehtimalı var".
Müsahib qeyd edir ki, İran Qasım Süleyman olayından fərqli olaraq bu dəfə proksi qüvvələri vasitəsilə İran ABŞ-ın mövqelərinə ciddi şəkildə zərbə endirdi.
"Bu isə, Baydenə mənfi təsir etdi. Bu da ABŞ-da Baydenə qarşı olan qüvvələrin işinə yarayır. Ona görə də, İranın daha da cəsarətlənməsinin arxasında həm də bu faktor var. Həmçinin, ABŞ-a olan anti-qərb ittifaqı bölgədə vəziyyəti kökündən dəyişib. İttifaq o qədər güclənib ki, artıq ABŞ-ın əvvəlki kimi güclü olmaması onu təhdid altına salır".
Politoloq sonda qeyd edir ki, İranın da ABŞ-a qarşı hücumları davam edəcək və ABŞ-İran arasındakı müharibə, nəinki Yaxın Şərq, ABŞ-ın özü və dünya üçün də çox ciddi fəlakətlərə səbəb ola bilər.
Gülay Qəribova